İlin sözü: “İslahatlar” . İlin proqnozu: “...Davam edəcək” TƏHLİL

   İlin sözü:    “İslahatlar”   . İlin proqnozu:    “...Davam edəcək”    –    TƏHLİL
  17 Dekabr 2019    Oxunub:10341
2019-cu il ölkəmizdə böyük islahatlar ili, daha doğrusu, böyük islahatların başladığı il olaraq yadda qalacaq. İlin əvvəlindən start verilən bu islahat dalğası hələ də yeni-yeni sahələri əhatə etməkdədir. Elə bir prosesə, tendensiyaya başlanğıc verilib ki, həm dərinə, həm də üfüqə doğru hələ çox genişlənəcək. Çünki əsas hədəf Azərbaycanda sosial dövlət modeli qurmaq, yaşından asılı olmayaraq, hər bir vətəndaşın qayğısına qalmaq, onların ehtiyaclarını maksimum səviyyədə ödəməkdir. Bunun üçün isə bütün sahələrdə dəyişikliklərə ehtiyac var.
Vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən, onların sosial, iqtisadi əmin-amanlıqlarını qorumağa çalışan bir sistem yaratmaq məqsədinə nail olmaq üçün cəmiyyətin bütün sferalarında ciddi islahat aparmaq lazımdır. Bəli, sosial dövlət modeli yolunda hələ müəyyən məsafə qət etməliyik. O səbəbdən ki, birincisi, ümumi gəlirlərin bölgüsündə problemlər var, ikincisi, minimum əmək haqqı yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdı... Bunlar aydındır. Ancaq sual yaranır ki, bəs, bütün bunlardan ötrü doğrudanmı, struktur, kadr dəyişikliklərinə də ehtiyac var?

Bəli, var! Əvvəla, ölkədə dövlət və iqtisadiyyatı idarəetmə mexanizmini dəyişməyə, təkmilləşdirməyə, başqa sözlə desəm, struktur islahatlarına çoxdan ehtiyac yaranmışdı. Bu, həm büdcə xərclərində səmərəliliyi artırmaq, həm də idarəetməni asanlaşdırmaq baxımından vacibdir. Ancaq struktur islahatları çox ağrılı proses olduğundan, bizdə bu sahədə həmişə kəskin ixtisarlardan, funksionallığın əldən gedəcəyindən ehtiyat edilib. Bəlkə bu səbəbdən də struktur, kadr dəyişikliklərində indiyədək kompleks islahat müşahidə olunmayıb. İndi bax, məhz bu, qaçılmaz xarakter daşıyır.

İkincısı, qarşıya qoyulan məqsəd və hədəf elədir ki, ona çatmaq üçün həyata keçirilən islahatlar sistemli xarakter daşımalı və kompleks tədbirlər görülməlidir. Ümumiyyətlə, aparılan islahatlarda əhalinin sosial müdafiəsini daha da gücləndirmək əsas məqsəd daşıyırsa, iqtisadi müstəvidə nailiyyətlər çox olmalıdır. Odur ki, əhalinin sosial müdafiəsi və iqtisadi mənafeyinin qorunması ilə bağlı atılan addımların səmərəliliyini və davamlığını təmin etmək məqsədilə hökmən struktur, kadr, qanunvericilik və digər islahatlar da həyata keçirilməlidir. Başqa sözlə desəm, sosial dövlət modeli quruculuğu sahəsində islahat dalğası bütün subyektləri, sahə və sektorları əhatə etməlidir.

Xatırladım ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən növbəti dəfə qalib çıxan İlham Əliyev andiçmə mərasimində proqram xarakterli çıxış etmişdi. Həmin çıxışda dövlət başçımız qeyd etmişdi ki, böyük islahatlara start verəcək. Həqiqətən də, Prezident İlham Əliyev yeni dövr üçün öz vəzifəsinin icrasına başlayan kimi islahatların ilkin əlamətləri görünməyə başladı. Belə ki, 2018-ci ilin ikinci yarısında dövlət büdcəsinin hazırlanma qaydasında yeniliklər tətbiq edilməyə başlandı. Vergi Məcəlləsinə köklü şəkildə, çoxsaylı dəyişikliklər hazırlandı. Növbəti ildə, yəni bu il üçün hazırlanan dövlət büdcəsində sosial istiqamətdə çox böyük addımlar atılacağı göründü. 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər bunun sonrakı mərhələlərinin əsasını qoydu və sair.

Cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi.

Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Bütün bunlar və qeyd olunan sosial paketlərin maliyyələşdirilməsi əsasən “kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizənin bir qədər də gücləndirilməsi hesabına təmin edildi. Kölgə iqtisadiyyatına qarşı mübarizədə əldə edilən uğurlar məhz iqtisadi sahədə aparılan islahatlar hesabına mümkün oldu. 2018-ci ildə əlavə olaraq, 300 milyon manatdan çox, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində isə 850 milyon, son olaraq isə 930 milyon manatdan artıq vəsait dövlət büdcəsinə daxil edilib. Bu gəlirlər dövlətdə əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsinin yaxşılaşdırılması üçün islahatların dərinləşməsinin vacib olduğunu təsdiqlədi.

Bu addımlarla struktur və kadr islahatlarına ehtiyac yarandı. Nəticədə səmərəliliyi artırmaq məqsədilə islahatlar idarəetmə sahəsini də əhatə etdi. Dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə bu sahədə də yeni yanaşmanın tətbiqi vacib sayılırdı. O səbəbdən ki, idarəetmədə yeni yanaşma iqtisadiyyatda dəyişikliklərə daha sürətli nail olmağa gətirib çıxarmalıdır. Ona görə də, islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşdi, kadr dəyişikliklərinə başlandı.

Bu proses hələ davam edəcək. Bunun müsbət nəticələrinin bir qismini yaxında, digər hissəsini isə qarşıda görəcəyik. Artıq, növbəti ilin dövlət büdcəsi qəbul edilib, 2020-ci ildə də əməkhaqqı və pensiyalarda artım nəzərdə tutulur. Amma artımlar o halda baş verəcək ki, büdcəyə proqnozlaşdırılan gəlirlər, o cümlədən, qeyri-neft sektorundan vergilər təmin olunsun. Çünki iqtisadiyyatda şəffaflığı artırmadan, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmədən, açıq rəqabət mühiti təşkil etmədən büdcəyə dair tapşırıqları icra etmək mümkün deyil. Aparılan islahatlar bu məsələlərin həllinə yardım edəcək. Başqa sözlə desəm, struktur islahatları, kadir dəyişiklikləri və digər tədbirlər kölgə istisadiyyatının həcminin bir qədər də kiçilməsilə nəticələnəcək.

Yeri gəlmişkən, xatırladım ki, Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019 tarixli Fərmanın girişində də yazılıb ki, davamlı inkişafı təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatları dərinləşdirilmək, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib.

Gələn il Rəqabət Məcəlləsinin də uzun gözləntidən sonra qəbul ediləcəyi deyilir. Bunun qəbulu, iqtisadiyyatı idarəetmənin təkmilləşdirilməsi rəqabət mühitinin güclənməsinə imkan yaradacaq. Bu dəyişikliklər həm 2020-ci ildə, həm də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artmasına yol açacaq.



Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: İslahatlar  





Xəbər lenti