Mitinqin qiyməti: günü 110 min dollar

Mitinqin qiyməti: günü 110 min dollar
  18 Dekabr 2013    Oxunub:1554
Ukraynada noyabrın 21-dən bəri kütləvi etiraz aksiyaları başlayıb. Artıq bir aya yaxındır ki, bu etirazlar ölkənin siyasi hərarətini qaldırıb. Müxalifət ölkənin Avropa Birliyi ilə inteqrasiyasını istəyir və Rusiyanın qaz şantajını qarşı çıxır.

Kiyevdə və Qərbi Ukraynanın əksər şəhərlərində düşərgələr quraraq davamlı etiraz aksiyalarına başlayan müxalifət qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik olduğunu ortaya qoyub. Soyuq və şaxtalı Kiyevdə meydan boyu qurulan çadırların ərzaq və digər ehtiyaclarını təmin etmək üçün ilk olaraq könüllülər cəlb olunmağa başladı. Onlar mətbəx işləri, təbliğat xəbərlərinin yayılması, etirazçılara isti çayın verilməsi və s. funksiyaları icra edirdilər.

Ardınca “Avromaydan” təşkilatçıları tərəfdarlarının ərzaq və müxtəlif məişət alətlərinə ehiyacı olduğunu bildirir. Sadə camaat onları konserv, çay, şəkər, çörək və su ilə təmin edir.

Daha sonra zibil paketləri, plastik qablar, stol, stul, kağız, salfet və s. gətirilir. Soyuq havada qalan etirazçılar həkimə getmək əvəzinə, əhalidən dərman preparatlarının gətirilməsini xahiş edir. Tezliklə səyyar mətbəxlər də qurulur. Hər bir mətbəx gündə 300 kiloqram makaron, 30 kiloqram donuz əti, 1000 litr içməli su, 3 kilorqam duz, 5 kiloqram yükək keyfiyyətli unla təmin olunur.

Generator, odun, benzin, termos, elektrik çaydanı, isti gödəkçələr, danışıq və internet kartları və s. aksessuarlar da “Maydan”a gətirilir. “İdeya aşiqləri” meydandakı “məhrumiyyətlərə” dözmək naminə hətta ratsiya, perforatorlar, motorlu mişar, polipropilen və s. şeylərə də ehtiyac dururlar.

Orta hesabla “Maydan”ın bir sutkası 10 min nəfərlik kütlə üçün 110 min dollara başa gəlir. Bu pullar xüsusi hesablar vasitəsilə stabil şəkildə toplanır. Bu absurd vəziyyətdə xalqdan toplanan pulun, edilən yardımların hansı hissəsinin meydandakılara çatdığı məlum deyil.

“Maydan”a xaricdən də xeyli yardım gəlir. Ukraynalı deputat Oleq Tsarev yerli saytlara açıqlamasında bildirib ki, ABŞ-dan diplomatik poçtla mitinqçilərə pul çatdırılmasına dair sənədlər əldə edib. Onun özü ABŞ-dan gələn təyyarədən pul dolu kisələrin Ukrayna nömrəli zirehli inkassator avtomobilinə necə doldurulduğunu görüb. “Bu pullarla həm də `Maydan`a toplaşanların `əməkhaqqı` verilir” – deyə o bildirib.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti