“Yeni imtahan modelinin tətbiqinə ciddi ehtiyac var idi” - Ceyhun Bayramov

“Yeni imtahan modelinin tətbiqinə ciddi ehtiyac var idi” - Ceyhun Bayramov
  18 Dekabr 2019    Oxunub:5137
"İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər ərzində biz imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik"
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu, çox vacib və əhəmiyyətlidir: "Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər. Ona görə də bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara diqqət yetirdikdə tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensialarda məzunlarımızın kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur".

Nazir bildirib ki, bütün bunları nəzərə alaraq yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var idi: "Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən tədbirin ölçülməsi, təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib. Ən vacib məqam ondan ibarətdir ki, yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqların ölçülməsi olduqca vacibdir".

C.Bayramov qeyd edib ki, bu imtahan modelində qapalı tipli sualların çoxluq təşkil etməsinə baxmayaraq, yeni imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. "Bu da olduqca vacib istiqamətdir. Növbəti vacib məqam odur ki, yeni imtahan modelində fənlərin sayında azalma var. Nəzərə alaq ki, buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Daha əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən, hər ikisinin təsirinin olduğunu nəzərə alaraq II mərhələdə imtahan fənlərinin sayında azalma var. Hesab edirik ki, bu, həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədən kənar qəbul olunub. Hesab edirəm ki, bu dəyişiklik növbəti illərdə çox müsbət nəticələr verəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Ceyhun-Bayramov  





Xəbər lenti