Pambıqçılıq Azərbaycana nələr verə bilər – TƏHLİL

   Pambıqçılıq Azərbaycana nələr verə bilər –    TƏHLİL
  21 Dekabr 2019    Oxunub:10900
Ölkəmizin indiyədək sürətlə inkişaf etməsində əsas səbəb neft amili olub. Bütövlükdə ölkədə müxtəlif infrastrukturların yaranması, böyük həcmdə maliyyə ehtiyatlarının əldə olunması, əhalinin sosial-iqtisadi vəziyyətinin əhəmiyyətli şəkildə dəyişməsi məhz neft gəlirləri hesabına baş tutub. Ancaq indi bu yükü neftdən qeyri-neftin üzərinə keçirməyin vaxtıdır. Bu rola namizədlərdən biri də pambıqçılıqdır.
Azərbaycanın təcrübəsi göstərir ki, bizdə bu sahənin böyük potensialı var. 1969-1982-ci illərdə. Heydər Əliyev hakimiyyətdə olanda əldə olunan uğur və nailiyyətlər bunu sübut edir. Amma Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxdı.

Sovet dövrü başa çatdıqdan sonra isə ölkədə texniki bitkilərin əkilib-becərilməsi ümumiyyətlə, dayandı. Çünki əvvəla, əlaqələr qırıldı, iqtisadiyyat dağıldı, istehsala və təsərrüfata dövlət nəzarəti itdi; ikincisi, müharibə vəziyyəti, ölkəmizin ərazisinin bir hissəsinin işğalı, o cümlədən, AXC-Müsavat cütlüyünün yaratdığı hakimiyyətsizlik şəraiti bütövlükdə kənd təsərrüfatını "beli üstə" qoydu.

Sonrakı illərdə də neftdən əldə olunan gəlirlər və digər mənbələr hesabına investisiyalar ilk növbədə infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yönəldiyindən, pambıqçılıqdan tutmuş, tütünçülüyə, baramaçılığa marağın bərpası son 4-5 ilə qədər yubandı.

Lakin, dövlət başçımız İlham Əliyevin 2016-cı ildə pambıqçılığın inkişafına diqqət ayırması ilə bu sahələrin inkişaf etdirilməli olduğu gündəmə gəldi. Xatırladım ki, ilk dəfə 2016-cı ilin I rübü ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin aprel ayında keçirilən iclasında dövlət başçımız bəyan etdi ki, bu işdə əslində gecikmişik, yəni, pambıqçılığın bərpasına çoxdan başlamaq lazım idi. Prezidentin pambıqçılığın bərpası ilə əlaqədar məsələ qaldırması təsadüfi deyildi. Çünki 2014-2016-cı illərdə neftin qiyməti ölkəni silkələdikdən sonra prioritet sahələr olaraq, sənaye ilə kənd təsərrüfatı seçilmişdi ki, bu da kənd təsərrüfatında keçmiş ənənələr bərpa etməyi zərurətə çevirmişdi.

Keçən əsrin 70-ci və 80-ci illərində ölkədə 800-900 min ton pambıq tədarük olunurdu. 1981-ci ildə isə bu rəqəm 1 milyon ton təşkil edib. Ancaq 1991-ci ildə müstəqilliyə qovuşduğumuzda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona enib. Hələ bu, harasıdır. 2015-ci ildə bu rəqəm güc-bəla ilə 35 min ton təşkil etdi. Ümumiyyətlə, ölkədə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə strukturunda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə isə 22 faiz təşkil edirdisə, 2015-də ildə cəmi 1,2 faiz olub. Ona görə də, həmin ildə cəmi 35 min ton məhsul götürmək mümkün olub.

Ancaq Prezidentin pambıqçılığa diqqət ayırması ilə, cəmi iki il ərzində bu sahədə dönüş yarandı. Belə ki, 2016-cı ildə bütün güclər səfərbər edildi. Texnikalar alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Nəticədə 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. 2015-ci illə müqayisədə 3 dəfə çox...

Bu, nəyi göstərdi?! Demək, qarşıya məqsəd qoyanda, hər şeyə nail olmaq mümkündür. Rəqəmlərə diqqət yetirək: 2015-ci ildə cəmi 18 min 700 hektar sahə əkilmişdisə və 35 min ton məhsul götürülmüşdüsə, 2016-da 51 min hektar və 90 min ton, 2017-ci ildə isə 136 min hektar sahəyə pambıq toxumu səpilməklə (3 dəfədən çox sahəyə), 207 min ton məhsul götürüldü. Keçən il isə 132 min hektarda pambıq əkilsə də 233 min ton məhsul tədarük edildi. Bu il isə 100 min hektar əkilməklə 294 min ton.

Nəticənin necə intensiv olduğu göz qarşısındadır: əkilən sahə azalıb, məhsul həcmi isə artıb. Buna səbəb nədir? Hektardan məhsuldarlıq 2015-ci ildəki 18,8 sentnerdən 30 sentrə yaxınlaşıb. Cəmi 4 il ərzində... Buna asanlıqla nail olunubmu? Xeyr.



Prezident ilk dəfə 2016-cı ildə Sabirabadda keçirdiyi müşavirədə birmənalı şəkildə bəyan etmişdi ki, elə sahələr var, sırf bazarın öhdəsinə buraxmaq olmaz. "Bazar iqtisadiyyatı çox şeyi həll etmir. Bəzi sahələrə dövlət dəstəyi lazımdır",- deyə, dövlət başçısı nəzərə çatdırmışdı. Bəli, məhz dövlət dəstəyi sayəsində ölkədə 4 il ərzində pambıq tədarükü 35 min tondan 294 min tona yüksəldi. 8,4 dəfə çox! ABŞ istehsalı olan 400-dən çox “John Deere” kombaynları alınıb. Bütün bunlara 500 milyon manatdan çox vəsait xərclənib.

Yeri gəlmişkən, hələ 3 il öncə yazdığım şərhdə qeyd etmişdim ki, söhbət ixracyönümlü, xarici valyuta gətirə bilən məhsul istehsalı və tədarükündən gedirsə, bunun ən böyük xeyrini kəndli görməlidir. Bu baxımdan, pambığın satınalma qiymətlərinin artırılması mühüm rol oynadı. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlandı ki, 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə yüksəldildi.

Yeri gəlmişkən, pambıqçılığın yaxşı gəlir mənbəyi olmadığı və kəndlidə bu sahəyə maddi maraq yaratmağın çətin olduğu fikrində olanlar hələ də var. Bu, tamamilə əsassız və yanlış fikirdir. 1 kiloqram pambığın qiyməti 1-2 ABŞ dolları arasıdır. Bizim manatla 1.70-3.40 azn arası... 2019-cu ilin ilk doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətirib: 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur.

Bu rəqəmləri qoyuram kənara. Əvvəla, pambıq elə kənd təsərrüfatı məhsuludur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Ümumiyyətlə, pambıqçılıq, tütünçülük, baramaçılıq elə növ kənd təsərrüfatı məhsullarıdır ki, “qapı-qapı" gəzərək, bazar axtarmağa lüzum gəlmir. Bunlar hamısı ixracyönümlü məhsullardır. Prezident də çıxışında bildirib ki, pambığın və mahlıcın satışı üçün bazarlar aramaq lazım gəlmir və bu, olduqca böyük üstünlük sayılır.

İkincisi, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi aqrar sektora məxsus ərazilərdə məskunlaşıb. Bu il isə 20 rayonda pambıq əkilib. 100 min hektarda pambıq əkildiyini nəzərə alsaq, hər hektarda orta hesabla minimum 1-2 nəfər çalışarsa bu, 200 min nəfərin məşğul olduğu deməkdir.

Üçüncü tərəfdən isə, sözügedən sahədə tədarükçü şirkətlər ilə emal müəssisələrinin dünya bazarlarındakı qiymətlərlə bağlı birbaşa olaraq və daha çox gəlir götürdüklərini əsas götürsək, fermer və kəndlilərin pulu vaxtında və istənilən səviyyədə verilərsə, maddi marağı yaratmaq elə də çətin deyil. Bunun üçün gəlirlərin bölüşdürülməsində istehsalçı kəndli, tədarükçü, emalçı və dövlət əlaqələri, başqa sözlə desəm, münasibətləri sözsüz ki, düzgün təşkil olunmalıdır.



Prezident də son iclasda məhz onu qeyd etdi ki, əgər yığımdan son məhsula qədər zənciri yarada bilsək, hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.

Sözün qısası, ölkədə pambıqçılıq sahəsində son 4 ildə çox böyük nəticələr əldə olunub. Bunda Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı da mühüm rol oynayır. Sözügedən sənədin girişində yazılıb ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilmişdir.

Pambıqçılıq, həmçinin yüngül sənayeyə də təkan verən sahədir. Pambıq əkini və becərilməsi zəncirvari olaraq çox sahələri birləşdirir. Bunların hər birinə xüsusi diqqət yetirmək lazımdır. Pambıqçılıq sahəsində xammal da ixrac edə bilərik, hazır məhsul da. Sadəcə olaraq, sözügedən məsələyə diqqət yetirmək lazımdır. Bu sahədə emal sferası inkişaf etdirilməlidir.

Pambıq çoxşaxəli və çox təyinatlı məhsuldur. Bunun bütün həlqələrindən istifadə etmək gərəkir. Həm daxili tələbin ödənilməsi baxımından, həm də ixrac nöqteyi-nəzərindən...

Qeyd olunanlar baxımından, sevindirici haldır ki, dövlət bu sahəni diqqətə götürüb. Yeri gəlmişkən, dövlət başçısı da qeyd edib ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də, çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalı və oynayır da... Çünki “qara qızıl”dan gəlirlər azaldıqca pambıqçılıq kimi sahələrə diqqət və qayğı istər-istəməz yada düşür və qaçılmaz xarakter alır. Lakin bu qayğı bilavasitə dünya bazarları ilə əlaqəli və xüsusən də, qiymət sarıdan qarşılıqlı münasibətlər əsasında həyata keçməlidir.



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti