BP paralimpiyaçılara dəstək oldu

BP paralimpiyaçılara dəstək oldu
  20 Dekabr 2013    Oxunub:1308
Sumqayıtda Paralimpiya idman festivalı keçirilib.
Dekabrın 19-da Milli Paralimpiya Komitəsi və bp şirkətinin birgə təşkilatçılığı ilə Paralimpiya idman festivalı keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunmuş festivalın əsas məqsədi əlil idmanı və Paralimpiya dəyərlərini əhali arasında təşviq etməklə insanları, xüsusilə uşaqları və gəncləri Paralimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Festivalda Milli Paralimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, bp şirkətinin, Milli Olimpiya Komitəsinin, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin, həmçinin digər təşkilatların rəsmiləri iştirak etmişlər. Eyni zamanda, festivalda Paralimpiya çempionları İlham Zəkiyev, Oleq Panyutin, Oluxan Musayev və digər idmançılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov ölkədə idmana və bədən tərbiyəsinə olan dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə, xüsusən Paralimpiya hərəkatına verdiyi dəstək barədə geniş danışmışdır. O, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti və əldə olunan nailiyyətlər, o cümlədən komitə ilə bp şirkətinin əməkdaşlığı haqqında məlumat verib.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Xarici Əlaqələr və Təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov Milli Paralimpiya və Olimpiya komitələri ilə olan rəsmi tərəfdaşlığın şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, London Paralimpiya Oyunlarından sonra da Paralimpiya hərəkatına dəstək davam edir. Biz 2016-cı ildə Braziliyada təşkil olunacaq Paralimpiya Oyunlarında da paralimpiyaçılarımızın yanında olacağıq.

Sonra bp şirkəti tərəfindən Milli Paralimpiya Komitəsinə “Ford” tipli mini-avtobus və 13 əlil arabasını təqdim olunub.

Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və ikiqat Paralimpiya, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev çıxış edərək Paralimpiya hərəkatının inkişafı və bu sahəyə göstərilən dövlət qayğısından danışıblar.

Tədbirin sonunda Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov Paralimpiya hərəkatının inkişafında və Paralimpiya dəyərlərinin təbliğində göstərdikləri dəstəyə görə, “bp-Azərbaycan” şirkətinə, Sumqayıt Gənclər və İdman Baş İdarəsinə, Sumqayıt Paralimpiya İdman Kompleksinə və “İnkişaf naminə idman” İctimai Birliyinə komitənin diplomlarını təqdim edib.


Teqlər:





Xəbər lenti