Gənc alimlərin yolundakı maneələr

Gənc alimlərin yolundakı maneələr
  20 Yanvar 2013    Oxunub:2463
Azərbaycanda gənc alim və tədqiqatçıların elmə həvəsini artırmaq və onların fəaliyyətini stimullaşdırmaq üçün bir sıra tədbirlərə ehtiyac var. Doğrudur, Elmin İnkişafı Fondu və digər qurumlar bu sahədə müəyyən tədbirlər həyata keçirir və vəziyyət nisbətən yaxşılaşmağa doğru gedir. Bura gənc tədqiqatçıların xaricdə keçirilən beynəlxalq konfranslarda iştirakını maliyyələşdirmək, xaricdəki elm mərkəzlərində təcrübə keçmələrini təmin etmək və sair məsələləri aid etmək olar.
Elmin İnkişafı Fondu bu cür tədbirlərin həyata keçirilməsi üçün ayrıca müsabiqə də elan edib. Dövlət tərəfindən həyata keçirilən bu kimi tədbirlər təqdirəlayiqdir və burada məqsəd gənc tədqiqatçıların daha təkmil səviyyədə elmi fəaliyyət göstərmələrinə şərait yaratmaqdır. Bununla belə, gənc tədqiqatçıların, eləcə də elmi ictimaiyyətin ən çox narahatlıq keçirdikləri bir məsələ var – elmi dərəcə almaq üçün uzun-uzadı növbə gözləmək və müdafiə edib qurtardıqdan bir neçə il keçsə belə, elmi dərəcə ala bilməmək...
Bu məsələ xeyli aktualdır. Elə rəyi soruşulan elm adamları, gənc tədqiqatçılar və eləcə də professorlar, uzun illərdir elmlə məşğul olan, proseslərin içində olan elm adamları da bu məsələdə islahatlara və dəyişikliklərə ehtiyac olduğunu bildirirlər. Doktorantların uzun illər növbə gözləmədən, vaxtında elmi işini müdafiə edib layiq olduğu elmi dərəcəni vaxtında almasına şərait yaradılmalıdır.
Əslində gənclərin elmi fəaliyyətinin daha da stimullaşdırılması üçün onlara tətbiq olunmağa başlayan güzəştlər içərisində sözügedən MÜDAFİƏ MƏSƏLƏSİNDƏ PROSEDUR QAYDALARININ SADƏLƏŞDİRİLMƏSİnin, daha səmərəli edilməsinin tətbiqi çox məqsədəuyğun olardı. Doğrudan da, bu baxımdan müdafiə qaydalarına konkret dəyişikliklər etmək lazımdır ki, gənc tədqiqatçılar dissertasiyalarından aldıqları nəticələrin bəhrəsini vaxtında görsünlər və bu məsələdə bonus qazansınlar. Belə olduğu halda, bu bonus onlar üçün gələcək tədqiqatlarında daha keyfiyyətli nəticələr almaq üçün önəmli stimul ola bilər...
Bu baxımdan sözügedən problemin qoyuluşu ilə bağlı təsviri çox uzatmadan bu sahədə lazım gələn islahatlarla bağı konkret təkliflərə keçirik:
Birincisi, elmi işin müdafiəsində prosedur qaydalarının sadələşdirilməsində gənc doktorantlara, tədqiqatçılara müəyyən mənada fərdi yanaşma tətbiq etmək lazımdır. Yəni digər sahələrdə olduğu kimi, elmdə də yalnız elmi dərəcə, titul almaq üçün, “şöhrət naminə elm” prinsipi ilə fəaliyyət göstərənlərin olduğu istisna edilməməlidir. Bu baxımdan birinci olaraq həqiqətən də orijinal və aktual elmi mövzu üzərində işləyən, psevdoproblemlər və psevdomövzularla məşğul olmayan, tədqiqat prosesində istedadı üzə çıxmış, bir sözlə, bütün bu göstəricilər baxımından öncül olan gənc tədqiqatçılara üstünlük verilməlidir.
İkincisi, bu cür gənclər üçün növbədənkənar müdafiəni təmin etmək lazımdır ki, bu da fərdi yanaşma tələb edir. Doğrudur, bu il gənclər eşidiblər ki, istisna hal olaraq elmi işi vaxtında hazır olan, mövzusu orijinal və aktual olanlar növbədənkənar müdafiə imkanı qazana bilərlər. Amma doğrusu, bu barədə konkret mexanizm yoxdur və hazırkı praktikada kiminsə bu cür növbədənkənar müdafiə etdiyini eşitməmişik. Növbədənkənar, vaxtından qabaq müdafiə tətbiq edilməlidir. Burada isə istisna hal prinsipi yox, fərdi yanaşma daha ədalətli və effektli üsul olardı. Çünki konkret olaraq yuxarıda qeyd edilən kriteriyalara “istisna”dan daha çox gənclər cavab verə bilərlər ki, onların növbədənkənar müdafiəsi də elmi istedadı olan daha çoxlu sayda gənc tədqiqatçılar üçün elmdə “yaşıl işıq” yandıra bilər.
Üçüncüsü, burada doktorantura təhsilində müəyyən dəyişikliklərə ehtiyac olduğu da bildirilir ki, bu da məsələnin hüquqi aspektdə də həllini tapmalı olduğundan xəbər verir...
Hər halda, bu mövzu ətrafında daha geniş müzakirələr aparıla bilər. Amma bir şey tam aydındır ki, bu məsələ gənc elmi ictimaiyyətin sosial sifarişi səviyyəsindədir. Hazırda gənclərə müxtəlif sahələr üzrə dövlət dəstəyi gücləndirilir, bununla bağlı önəmli dövlət proqramı həyata keçirilir. Elə sözügedən məsələdə də gənclərin fəaliyyətinin stimullaşdırılması vacibdir.


Teqlər:





Xəbər lenti