AMEA-da kadr dəyişikliyi - Direktor və müdir işdən çıxarıldı

AMEA-da kadr dəyişikliyi   - Direktor və müdir işdən çıxarıldı
  09 Yanvar 2020    Oxunub:4526
Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev bildirib ki, son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib.

İslahatların başlıca strateji hədəfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir. Akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixində keçirilən Ümumi yığıncağında “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın təsdiq olunması, AMEA-nın Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, AMEA Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir. Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini bildirən akademik Ramiz Mehdiyev qeyd edib ki, bu gün Rəyasət Heyətinin gündəliyinə çıxarılan əsas məsələlər AMEA-nın Ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından irəli gəlir. AMEA-nın prezidenti Akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşmasında, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını bildirib.

Sonra gündəlikdəki məsələlərlə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov gündəlikdə yer alan “AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü” ilə bağlı çıxış edərək bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixli iclasında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxmışdır. AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü layihəsi ilə iclas iştirakçılarını tanış edib. Layihə müzakirə olunduqdan sonra AMEA Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gündəlikdəki ikinci məsələ, “AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında” qərar layihəsini AMEA Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıb. Vurğulayıb ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılmış və hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilmişdir. Təkliflər əsasında AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanmışdır. Əminağa Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunub.

Daha sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov gündəlikdə yer alan növbəti məsələ, “Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin yeni tərkibi haqqında” məlumat verib. Nəzərə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin tərkibi təsdiq edilmişdir. Keçən müddət ərzində AMEA Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin olunmasını nəzərə alaraq, Redaksiya heyətinin tərkibinin də yenilənməsinə ehtiyac yaranmışdır. Yeni tərkib müzakirə edildikdən sonra qəbul edilib.

İclasda görkəmli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Abdulla Qarayevin 110 illik yubileyinin qeyd edilməsi və yubileylə əlaqədar Tədbirlər planının hazırlanması haqqında qərar qəbul edilib. Həmçinin akademik Abel Məhərrəmovun 70 illik və AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illik yubileyləri münasibətilə onlara AMEA-nın Fəxri Fərmanının verilməsi qərara alınıb.

İclasda AMEA-nın bir sıra əməkdaşlarının elmi təcrübə keçmək və təhsil almaq məqsədilə xarici elmi mərkəzlərə və universitetlərə göndərilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.

Digər qərarla fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Həmçinin Akademiya şəhərciyinin müdiri vəzifəsindən Bayram Babayev azad edilərək iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Azvision.az


Teqlər: AMEA   Direktor   Təyinat  





Xəbər lenti