Mühüm vəzifələrdən imtina edib döyüşə yollanan Milli Qəhrəman

Mühüm vəzifələrdən imtina edib döyüşə yollanan Milli Qəhrəman
  14 Yanvar 2020    Oxunub:3788
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun anım günüdür.
Azvision.az xəbər verir ki, Elman Süleyman oğlu Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb.

1968- 1973-cü illərdə Azərbaycan Politexnik İnstiutunda mühəndis ixtisası üzrə ali təhsil alıb. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışıb. Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadilələrlə bağlı 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 12 noyabr 1991-ci ildə Müdafiə nazirinin əmri ilə Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun komandiri təyin olunub.

Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. Sonralar Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirakı, şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, şəhid olduğu günədək düşmənə qarşı mübarizəni davam etdirib.

1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də Azərbaycan Respublikası Prezidentinin 262 saylı fərmanı ilə “Respublikamızın ərzi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidlik və şəxsi şücaətə, öz müqəddəs və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə” mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülüb.

Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb. Tərtər və Bakı şəhərinin Xəzər rayonundakı küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır.

Azvision.az


Teqlər: MilliQəhrəman   ElmanHüseynov  





Xəbər lenti