Nobelin üz qarası: Bu mükafat Qorbaçovdan alınmalıdır – TƏHLİL

      Nobelin üz qarası:    Bu mükafat Qorbaçovdan alınmalıdır –    TƏHLİL
  20 Yanvar 2020    Oxunub:5248
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) əslində oradakı dövlətlərin könüllü birliyi deyil, parçalanmaqda olan Rusiya İmperiyasının kommunist ideologiyası vasitəsilə bərpa olunmuş variantı idi. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində İttifaqa daxil olan dövlətlərin müstəqillik tələblərinə qarşı Moskvanın sərt reaksiyası bu fikri bir daha sübuta yetirdi.
1985-ci ildə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilən Mixail Qorbaçovun başlatdığı ikiüzlü siyasət dövlətin imperialist mahiyyətini açıq ortaya qoyurdu. İqtisadi chətdən zəifləmiş SSRİ artıq Qərblə soyuq müharibə aparmaq iqtidarında deyildi və məhz bu səbəbdən, Qorbaçov Amerika ilə münasibətlərin bərpa olunması üçün ölkənin demokratikləşmə yoluna qədəm qoyduğunu elan etməklə yanaşı, xalqların bununla meydana çıxan təbii müstəqillik istəklərini boğmaq üçün vətəndaşlara qarşı hərbi güc tətbiqinə başladı.

“Yenidənqurma” adı altında aparılan saxta demokratikləşmə prosesi zamanı dövlət öz vətəndaşlarının demokratik tələblərini boğmaq üçün qanlı terrora əl atmışdı. 1986-cı ildə Alma-Ata, 1989-cu ildə Tbilisi, 1990-cı ildə Bakı və Düşənbə, 1991-ci ildə isə Vilnüs və Riqada dinc əhalinin etirazlarına qarşı Qorbaçovun başçılıq etdiyi kommunist rejimi tərəfindən hərbi güc tətbiq olunması buna bariz nümunədir. Bu hadisələr arasında Azərbaycan xalqına qarşı diktator rejimin tətbiq etdiyi terror öz qəddarlığına görə seçilirdi.

Qarbaçovun birbaşa göstərişinə əsasən 1990-cı ilin 19-dan 20-ə keçən gecə 40 minlik sovet ordusu Bakı şəhərinə daxil olaraq, silahsız dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi. Şəhərə daxil olan tank və zirehli texnika əliyalın insanların üzərindən keçərək, əhalini xüsusi amansızlıqla qətl etdi. Sovet ordusunun Bakıda apardığı “Zərbə” əməliyyatı nəticəsində bir gecədə 134 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 700-dən çox insan yaralandı, 400 azərbaycanlı itkin düşdü. Azərbaycan xalqına qarşı törədilmiş misli görünməmiş bu dövlət cinayəti bəşəriyyət tarixinin səhifəsində qara ləkə kimi qalacaq.

Qorbaçovun 1990-cı ilin 20 yanvar tarixində Bakıya qoşun yeridilməsi və fövqəladə vəziyyətin elan edilməsi barədə qərarı SSRİ Konstitusiyasının 119, Azərbaycan SSR konstitusiyasının isə 71-ci maddəsinə zidd olmaqla yanaşı, 1948-ci ildə qəbul olunmuş İnsan hüquqları haqqında beynəlxalq Bəyannamə, 1966-ci il tarixli Mülki və siyasi hüquqlar barədə beynəlxalq Pakt və Uşaq Hüquqları haqqında beynəlxalq Konvensiyaya zidd idi.

Buna baxmayaraq, bütün bu qanlı cinayətlərin müəllifi olan Mixail Qorbaçov “beynəlxalq ictimaiyyətin həyatının tərkib hissəsi kimi xarakterizə olunan sülh prosesində aparıcı roluna görə” 1990-cı oktyabr ayında Nobel Sülh mükafatına layiq görülür. Bu mükafatdan “ilhamlanan” Qorbaçov vətəndaş terroru siyasətini davam etdirir və 1991-ci ildə Vilnus və Riqada baş qaldırmış etirazların yatırılması üçün bu şəhərlərə qoşun yeridilir.

Nobel sülh mükafatı ilə bağlı paradoksal vəziyyət mövcuddur. Mükafata layiq görülən şəxs Norveç parlametinin beş nəfər üzvündən ibarət komissiya tərəfindən müəyyən olunsa da, bu mükafat dünya ictimaiyyətinin ümumi seçiminin təcəssümü kimi qavranılır və təqdim edilir. Qorbaçovdan başqa da bir çox Nobel sülh mükafatı laureatının əslində bu ada layiq olmamaları ilə bağlı ciddi arqumentlər irəli sürülməkdədir. Məsələn, Fələstin Azadlıq Təşkilatının keçmiş rəhbəri Yasir Ərəfata, yaxud Amerikanın keçmiş prezidenti Barak Obamaya Nobel sülh mükafatının verilməsi ciddi etirazlarla qarşılanmışdı. Obama prezident seçildikdən cəmi 9 ay sonra bu mükafata layiq görüldü. Bu müddətdə prezidentin sülh naminə hansı xidmətlərə imza atdığı məlum deyildi.

Nobel sülh mükafatı ilə bağlı diqqətçəkən əsas məqamlardan biri odur ki, 1951-ci ildə Nobel Fonduna Yakob Vallenberq adlı bankir rəhbərlik etməyə başlayır və məhz bu dövrdə Alfred Nobelin vəsiyyətinə zidd olaraq, Fondun vəsaitləri İsveç banklarından çıxarılaraq, Amerikanın qiymətli kağızlarına yatırılır. Bundan sonra Nobel Fondu Amerika hökuməti tərəfindən bütün vergilərdən azad olunur. Eyni zamanda, Ağ ev Nobel Fondu üzərində tam nəzarəti əldə edir. Bu fakt onu deməyə əsas verir ki, mükafatçıların müəyyən edilməsi Amerikanın dövlət siyasəti ilə uzlaşdırılır. Nobel mükafatının beynəlxalq trend kimi hələ də qəbul olunmasının səbəbi də bununla bağlı ola bilər.

Təbii ki, Qorbaçov dünyada sülhün bərqərar olmasına xidmət etməyib, əksinə, onlarla münaqişə ocağının yaranmasına səbəb olub. Ehtimal etmək olar ki, Qorbaçov törətdiyi hərbi cinayətlərə görə sonradan Haaqa Tribunalı qarşısına çıxarılmaqdan müdafiə olunmaq üçün məhz Nobel mükafatı ilə ödülləndirilib. Bu mükafat Qorbaçovun sonrakı həyatının sığortası kimi çıxış edib. Məhz bu səbəbdən Qorbaçovun Nobel Sülh mükafatından məhrum edilməsi BMT səviyyəsində qaldırılmalı, sonrakı mərhələdə, törətdiyi bəşəriyyət əleyhinə cinayətlərlə görə Qorbaçov Haaqa Tribunalı qarşısında cavab verməlidir.

Tofiq Vahid
Azvision.az



Teqlər: 20-yanvar   Qorbaçov  





Xəbər lenti