Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? – TƏHLİL

      Bankların yarımçıq missiyası:    Real sektorun kreditləşməsi niyə artmır? –    TƏHLİL
  21 Yanvar 2020    Oxunub:6294
Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına dair müşavirədə Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirmişdi ki, ölkədə ümumi pul siyasətinin 2018-ci ilin əvvəlindən başlanılan yumşaldılması, yəni uçot dərəcəsinin tədricən endirilməsi keçən il ərzində də davam etdirilib və ümumən, 8 dəfə bu məsələyə baxılaraq, bunun 7-də faiz dərəcələri aşağı salınıb. Hazırda sözügedən göstərici 7,5 faizdir.
Yəni, bundan 2 dəfə yüksək idi. AMB sədri əlavə etdi ki, bu, ümumi faizlərə də təsir göstərərək, son iki il ərzində xüsusən, biznes kreditləri üzrə dərəcələri də 5 faiz (16 faizdən 11-ə) endirib. "Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcək"- deyə, E. Rüstəmov vurğulayıb.

Xatırladım ki, 2015-2016-cı illərdə ortaya çıxan böhran zamanı uçot dərəcəsi 15 faizə qaldırılmışdı. Bir halda ki, indi kifayət qədər aşağıdır, onda sual yaranır: Bəs niyə real sektor banklar tərəfindən maliyyələşdirilmir? Və bu sahədə vəziyyət dövlət başçısının həm sonuncu, həm də əvvəlki müşavirədə qeyd etdiyi kimi, nədən qeyri-qənaətbəxşdir?

Xatırladım ki, keçən il oktyabr ayının 15-də keçirilən müşavirədə də dövlət başçısı İlham Əliyev demişdi ki, bank sektoru iqtisadiyyatın artımına, real sektorun inkişafına kömək göstərmir və son illər yenə istehlak kreditlərinin həcmi artır. "Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik",- deyə Prezident vurğulamışdı.

Düzdür, AMB sədri onu da nəzərə çatdırıb ki, kreditləşmə keçən il artıb (16 faiz) və o cümlədən, biznes kreditlərinin verilməsi genişlənib. Belə ki, təsərrüfat subyektlərinə ötən il verilən kreditlər 11 faiz yüksəlib ki, istehlak kreditləri, yəni əhaliyə verilən kreditlər üzrə isə bu rəqəm 20 faizdən çox təşkil edib. Lap yaxşı. Ancaq, keçən il dövriyyədə olan pul kütləsi həcmi də 24 faizdən çox artaraq, banklara 2 milyard manatdan çox vəsait verilib ki, bu fonda qeyd olunan rəqəmləri heç də qaneedici saymaq olmaz. Belə ki, bu özü də iqtisadi canlanmanı təmin etmək və ümumiyyətlə, iqtisadiyyatın inkişafını qidalandırmaq üçün əlavə stimul və yaxud "qan" mənbəyi deməkdir, resursdur. Başqa sözlə desəm, pul siyasətinin yumşalması deməkdir. Odur ki, təsərrüfat subyektlərinə verilən kreditlər belə şəraitdə niyə cəmi 11 faiz artıb, aydın deyil. Səbəb nədir?



Səbəb bəllidir və üstəlik, heç də yeni deyil. Belə ki, bizdə pul siyasətinin yumşaldılması siyasəti yenə bütövlükdə banklar üzrə ümumi faiz dərəcələrilə uzlaşmır, bu sahədə əvvəlkitək birbaşa əlaqə, təsir və rabitə mövcud deyil. Bəli, yuxarıda qeyd olunduğu kimi, AMB tərfindən uçot dərəcəsinin ardıcıl surətdə son 2 ildə aşağı salması nəticəsində ümumi faizlər, o cümlədən biznes kreditləri üzrə dərəcələr 5 faiz - 16 faizdən 11 faizə qədər enib. Ancaq diqqət yetirin: uçot dərəcəsi 15 faizdən 7,5 faizə, yəni 2 dəfə aşağı salındığı halda, biznes kreditləri üzrə faiz dərəcələri cəmi 5 faiz enib. Özü də iki il ərzində... Əlbəttə, bunun müqabilində təsərrüfat subyektlərinə ötən il verilən kreditlərin 11 faiz yüksəlməsi təbii qarşılanmalıdır.

Demək istədiyim odur ki, bunlar əslində qaneedici rəqəmlər deyil. Həmçinin, banklara 2 milyard manatdan çox vəsait verilməsi özü də qaneedici hədd deyil. Yəni, bütün bunlar bank sektorunun iqtisadiyyatın real sektorunu dəstəkləməsi üçün kifayət sayılmır. Başqa sözlə desəm, faktiki zəif göstəricilər hesab edilir.

Ona görə də Prezident İlham Əliyev dedi ki, banklara 2 milyard manat resurs verilsə də yenə kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. "Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar",- deyə dövlət başçısı nəzərə çatdırdı.

Bəs, nə etməli? Bankların real sektoru maliyyələşdirməkdə maraqlı olmaları üçün nə cür mexanizm yaradılmalıdır?

Məsələ bundadır ki, əvvəla, bankların likvidlik, maliyyə resursları sarıdan vəziyyətləri yaxşı deyil. AMB-in uçot dərəcəsini ardıcıl aşağı salmaq siyasəti buna təsir etmir. Ölkədə kommersiya banklarının maliyyə resursları sarıdan vəziyyətləri əhalinin əmanətləri ilə xarici maliyyə qurumlarından əldə edilən vəsatlərdən asılı olduğundan, bank sektoru qeyri-neft sferasını maliyyələşdirə bilmir. Çünki bunun üçün AMB-in təklif etdiyi kredit resursları kommersiya banklarının maliyyə vəsaitlərinin gərək, ən azı 50-60%-dən çox hissəsini təşkil etsin. Bu, belədirmi? Xeyr.

İkincisi, qeyri-neft sektorunda risk səviyyəsi yüksəkdir. Belə ki, bankların qeyri-neft sektoruna tərəddüd etmədən kredit vermələri üçün müvafiq şərait olmalıdır. Risk təkcə, pul vəsatləri az olduğu üçün mövcud deyil - iqtisadiyyatın bir sıra sahələrində elə risklər vardır ki, bankları biznes kreditləşdirməsinə meyl etmədiklərinə görə qınamaq olmur. Çünki real sektorda, yəni istehsalda və sairədə risk səviyyəsi ev təsərrüfatları ilə müqayisədə daha yüksəkdir. Əvvəla, sözügedən sferada cəlbedicilik aşağıdır, ikincisi isə, biznes sektoruna verilən kreditlər əhaliyə veriləndən uzunmüddətli xarakter daşıyır. Uzunmüddətli dövr üçün isə iqtisadi şəraiti proqnozlaşdırmaq çətindir. Buna görə də banklar istehlak kreditlərinə meyil edirlər.

Sözün qısası, Nazirlər Kabineti girişdə qeyd etdiyim müşavirədən irəli gələn tapşırıqları icra etmək üçün bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması, o cümlədən, bank sektorunda şübhəli kreditlərə nəzarəti gücləndirmək üzrə müvafiq tədbirlər planı hazırlayıb ki, bütün bunlarla AMB, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi birgə məşğul olacaq. Ən vacib vəzifəni hesab edirəm ki, uçot dərəcəsini endirdikcə özəl banklar tərəfindən verilən kreditlər üzrə də faiz dərəcələrinin dərhal və daha yüksək həddə və hətta güzəştli kreditlərin səviyyəsinə qədər enməsi təşkil edir. Bu uzlaşmaya mütləq, nail olmaq gərəkir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Bank   Kredit   Real-sektor  





Xəbər lenti