50-ci Davos sammiti: Prezidentin verdiyi əsas mesajlar – TƏHLİL

      50-ci Davos sammiti:    Prezidentin verdiyi əsas mesajlar –    TƏHLİL
  25 Yanvar 2020    Oxunub:5072
Bu həftə Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən 50-ci beynəlxalq iqtisadi forumda iştirak etdi. Foruma 117 ölkədən 3 mindən çox siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılmış, 50-dən çox dövlət prezident və baş nazir səviyyəsində təmsil olunmuşdu. Tədbirin çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçirilib.
Azərbaycan prezidenti də dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri, iri şirkətlərin başında duran şəxslərlə görüşlər keçirib, danışıqlar aparıb. Bu görüşlərin əksəriyyətində ölkə iqtisadiyyatının modernləşdirilməsi, real sektora investisiya qoyuluşu, yüksək texnologiyaların tətbiqi diqqət mərkəzində olub.

Məsələn, dövlət başçısı ilin əvvəlində keçirdiyi müşavirədə ölkədəki bankları iqtisadiyyatın real sektoruna investisiya qoymağa səsləmişdi, Davosda isə “VTB Bank”ın rəhbəri Andrey Kostinlə görüşündə Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi. Bu, aparılan siyasətin tamlığının və niyyətin ciddiliyinin göstəricisidir.

Dövlət başçısı keçirdiyi müşavirələrdə tez-tez ölkədə qeyri-neft iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafının vacibliyindən danışır. Davosda olarkən “Carlsberg Group” şirkətilə eyni mövzu müzakirə olundu və bildirildi ki, bu nəhəng holdinq kənd təsərrüfatımıza investisiya qoyacaq.

Hazırda dünyada “ağıllı şəhər” ideyası getdikcə populyarlaşlmaqdadır. Prezidentin bu sahədə fəaliyyət göstərən “Signify” şirkətinin rəhbərliyilə danışıqlar aparması ondan xəbər verir ki, biz tezliklə şəhər təsərrüfatının idarə olunmasında ən qabaqcıl texnologiyaları ölkəmizdə görə bilərik. "SUEZ Group" da həmçinin, istər şəhər, istərsə də kənd təsərrüfatlarında innovativ həllər təklif edən bir şirkətdir.

Və yaxud, biz ölkədə sığorta mədəniyyəti yaratmaq, sığorta sisteminin işini daha effektiv etmək üçün çalışırıqsa və bu fonda dövlət başçısı sığorta nəhəngi “Swiss Re” şirkətinin rəhbərliyilə bir araya gəlirsə, bu da həmçinin, aparılan siyasətin tamlığından və hərtərəfli olmasından xəbər verir.

Bütün bunlar iqtisadi cəhətdən ölkənin gücünü artırmağa xidmət edir. Siyasi və geosiyasi məqamlara gəlincə isə, dövlət başçımızın “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında suallara verdiyi cavablar hər şeyi izah edirdi.

- Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?
Prezident İlham Əliyev: Bakıya.
- Bakıya…
Prezident İlham Əliyev: Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir.

Hazırda Azərbaycan rəhbərliyinin bütün siyasətinin mərkəzində bu anlayış dayanır: Milli Maraqlar. İstər siyasi, istər iqtisadi, istərsə də geosiyasi qərarlar verilərkən məhz bu amil ön planda tutulur. Və Davos kimi nəşhur bir beynəlxalq platformada bu fikri səsləndirərkən Azərbaycan prezidenti təkcə moderatorun sualına cavab vermir, həm də dünya siyasətində və iqtisadiyyatında söz sahibi olan, görüşdüyü və görüşmədiyi bütün şəxslərə mesaj ötürürdü ki, Azərbaycan üçün vacib olan nədir. Bunu dövlət başçısının dediyi başqa bir cümlə çox yaxşı tamamlayırdı: “Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi”. İndi suala verdiyi bu cavab cənab Prezidentin həmin məqsədə nail olmasının ən yaxşı sübutudur.

Bu cavab eyni zamanda bütün dünyaya bir mesaj idi ki, Azərbaycan heç bir böyük qüvvənin yanında deyil və olmayacaq. Azərbaycan böyük qüvvələrlə əməkdaşlıq edə bilər, amma özünün milli maraqlarını ön planda tutmaqla. Bu, çox açıq və cəsarətli bir bəyanat idi. Eyni zamanda, belə bəyanatı səsləndirmək üçün dövlətin də, onun başçısının da müəyyən nüfuz və çəki sahibi olması lazımdır – məsələn, eyni fikri Ermənistan kimi dövlətin rəhbəri desə, ancaq gülüş doğurardı.

Yeri gəlmişkən, Paşinyan həm Ermənistanda yaşanan gərginlik, həm də görüşlərinin lazımi səviyyədə hazırlana bilməməsi, çıxışı üçün uyğun platforma təmin edilmədiyindən, Davosa gəlməmişdi.

Başqa bir maraqlı cavab isə gənclərin müəyyən tələblərlə küçəyə çıxacaqları halda ölkə rəhbərliyinin nə edəcəyilə bağlı idi:i

Dövlət başçısı bildirdi ki, o, gəncliyə ölkənin müstəqilliyin güclənməsində, iqtisadiyyatının inkişafında vacib rol oynayacaq qüvvə kimi baxır. Aparılan islahatlarda, hökumətin yenilənməsində əsas məqsədlərdən biri də bu qüvvənin dövlətin idarəçiliyindəki rolunu artırmaqdan ibarətdir. Buna görə də, prezidentin “region üçün ən pis kabus” adlandırdığı sabitliyin pozulması riski Azərbaycanı hədələmir. Bunu artıq dünyanın biznes elitası da başa düşür. Məsələn, “Procter and Gamble” şirkətinin fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək üçün regional mərkəz olaraq məhz Bakını seçməsi bunun nəticəsidir.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Davos   İlham-Əliyev  





Xəbər lenti