Dünya iqtisadiyyatı koronavirusa yoluxur – TƏHLİL

   Dünya iqtisadiyyatı koronavirusa yoluxur –    TƏHLİL
  29 Yanvar 2020    Oxunub:13860
Koronavirus artıq dünya iqtisadiyyatı üçün də təhlükəli hala gəlib. Çünki söhbət dünyanın ABŞ-dan sonra bir nömrəli iqtisadi gücə malik ölkəsindən gedir. Bu gün Çin dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayır. Həmçinin, dünyada ən böyük istehlakçı ölkə sayılır. Qlobal iqtisadiyyatda bu gün mühərrik rolunda ABŞ iqtisadiyyatı çıxış edirsə, Çin iqtisadiyyatı "ötürücü qutu" sayılır. Odur ki, onda nasazlıq yaranan kimi dünyanın bütün bazarları istər-istəməz silkələnir.
Koronavirus yayıldıqca Asiya, Avropa və digər regionların əsas fond indekslərində, eləcə də xammal aktivləri üzrə bazarlarda mənfi dinamika da artır. Bu isə təhlükəli tendensiyadır. Cari həftə başlayandan, məsələn, Nikkei 225 indeksi 2 faiz, Çinin Shanghai Composite indeksi 2,75 faiz, Rusiyada Мосбиржи 1,9 faiz, РТС 3,6 faiz, Böyük Britaniyanın FTSE 100 indeksi 2,3 faiz, Almaniyanın DAX indeksi 2,7 faiz, Fransanın CAC 40 indeksi isə 2,7 faiz enib.

ABŞ-ın fond bazarında da anoloji hal qeydə alınmaqdadır. Dow Jones 1,6 faiz, S&P 500 1,5 faiz, NASDAQ 2 faizə yaxın azalıb. Hələ bütün bunlar bir yana qalsın, koronavirus əksər xammal şirkətlərinin də səhmlərini ucuzlaşdırıb. Belə ki, üç ay idi 1 barrelinin qiyməti 60 ABŞ dollarından aşağı düşməyən Brent markalı neft ICE (London) birjasında mart ayında qəbul üçün birdən-birə 2,5 faiz enərək, 59,18 dollara düşüb. Bu, keçən ilin oktyabr ayından sonra ən aşağı göstəricidir.

Düzdür, neftin ucuzlaşması ABŞ-ın istəyinə uyğun gəlir. ABŞ uzun müddətdir çalışır ki, neftin qiyməti hətta 50 dollardan aşağı olsun. Lakin neft ucuzlaşarkən dollar adətən, möhkəmlənməyə meyl göstərir. ABŞ iqtisadiyyatında artım dinamikasının, ümumiyyətlə müsbət göstəricilərin ötən ilin əvvəlindən etibarən zəifləməsi müqabilində isə bu, məqsədəuyğun hesab edilmir.

Bəs, neft niyə ucuzlaşır? Və sözügedən vəziyyətlə əlaqədar neftin qiyməti hara qədər enə bilər?

Yuxarıda qeyd etdim ki, Çin dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabric rolunu oynayır və həmçinin, dünyada ən böyük istehlakçı ölkə sayılır. Məsələ ondadır ki, mövcud vəziyyət Çində alış-verişi azaldacaq ki, bu, dünya iqtisadiyyatı üçün mənfi təsir və nəticələr doğuracaq. Çində istehsalın azalması xarici istehsalçıların fəaliyyətini də zəiflədəcək. Çünki Çin bir çox dəbdəbəli mallar, məşhur brend istehsalçılar üçün möhtəşəm bir bazar sayılır. Çin əhalisinin bu cür istehlak mallarına marağının azalması elə indidən Burberry Group, Christian Dior, Gucci, Kering, LVMH, Moncler Hermes, Richemont kimi şirkətlərin səhmlərinin 2,5-4,8 faiz aralığında ucuzlaşması ilə nəticələnib.

Odur ki, Çin iqtisadiyyatı geriləyərsə, neftin qiymətlərinin enəcəyi şəksizdir. Yeri gəlmişkən, Çində ilin hazırda elə vaxtıdır ki, daxili istehlak və xidmətə tələbatda pik hədd müşahidə olunmalıdır. Belə ki, bu ölkədə 25-26 yanvar Çin Yeni ili və bununla əlaqədar olaraq da fevralın 10-dək bayramdır. Hər il məhz bu ərəfədə həm Çin əhalisi tərəfindən həddindən artıq fəallıq qeydə alınır, yəni daxili turist səyahətləri - gediş və gəliş geniş xarakter alır, həm də digər ölkələrdən gələnlər çoxluq təşkil edir. Başqa sözlə desəm, ticarət, xidmət və alış-veriş üçün daha əlverişli və münbit şərait yaranır. Bu il isə daxili turist səfərləri 30 faiz azalıb.

Yeri gəlmişkən, Çində tüğyan edən koronavirus yadıma 2011-ci ilin mart ayında Yaponiya sahillərində baş verən dəhşətli sunami hadisəsini salır. Onun nəticəsində yapon minik avtomobilləri sənayesi ən çox zərbəyə məruz qalan sahə olmuşdu. ABŞ-ın minik avtomobilləri sənayesi isə dirçəlmiş, dünyada amerika minik avtomobillərinin satışı birə-beş artmışdı. ABŞ 2009-2010-cu illərdəki qlobal maliyyə və iqtisadi böhrandan ən çox məhz bunun sayəsində çıxdı.

2 ildir ABŞ-Çin ticarət münaqişəsi dünyanı narahat vəziyyətə qoymuşdu. Son məlumatlar isə ondan ibarət idi ki, guya, ortaq razılaşmaya gəlinib. Amma indi də koronarvirus sunamisi ortaya çıxdı! Və bu sunami bütün dünya iqtisadiyyatını yatağa salmaq iqtidarındadır... Asiya nəhəngi üzləşdiyi məlum bəladan tezliklə qurtulmasa, vəziyyət həqiqətən də çətin olacaq.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti