“İpək yolu” ilin imzasını atdı

“İpək yolu” ilin imzasını atdı
  23 Dekabr 2013    Oxunub:1222
"İpək yolu sahibkarlığın inkişafına dəstək" İctimai Birliyinin (İY SİDİB) rəsmi açılış və təqdimat mərasimi keçirilib. Bakı Biznes Mərkəzində baş tutan tədbirdə Azərbaycan hökumət nümayəndələri, səfirlər, TUSCON-un, TUSİAB-in və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərləri, millət vəkilləri, yerli və xarici iş adamları, eyni zamanda, KİV-in iştirakı ilə keçirilib.

Öncə Azərbaycanda fəaliyyət göstərən sahibkarların gördüyü işlərin tanıtımı üçün sərgi təşkil olunub. 70-dən çox sahibkarın qatıldığı sərgi tədbir iştirakçıları üçün çox maraqlı olub. Sərgiyə baxmağa gələn qonaqlar ölkəmizdə yerli istehsal məhsulları ilə tanış olublar.
Sərgidən sonra baş tutan rəsmi hissədə İcmai Birliyin tanıtım filmi nümayiş edilib. Birliyin sədri Rəşid Çulaqov nümayişdən sonra çıxış edərək, 2012-ci ildə təsis olunan qurumun hazırda 100-ə yaxın üzvü olduğunu bildirib: "İpək yolu sahibkarlığın inkişafına dəstək" İB dünyanın bir çox ölkələrindəki sahibkarlar konfedarasiyaları ilə əməkdaşlıq edir. Buna görə də, bugünkü təqdimat mərasimində bir çox Avropa ölkələrinin nümayəndə heyəti, Orta Asiyadan və Rusiyadan iş adamları, təşkilat nümayəndələri və yerli iş adamları daxil olmaqla 350 şirkət iştirak edir, 70-ə yaxın üzvümüzün tanıtım sərgisi açılıb. Hazırda Birliyimiz 150-yə yaxın ölkənin iş adamları birliyi və iş adamları təşkilatları ilə əməkdaşlıq edir.

R.Çulaqov həmçinin onu da bildirib ki, "İpək yolu sahibkarlığın inkişafına dəstək" İB-nin yaradılmasında və inkişaf etdirilməsində əsas məqsəd yerli iş adamlarının xarici mütəxəssislərlə yaxından tanış olması və Azərbaycanda iqtisadiyyatın daha gücləndirməsinə kömək etməkdir: "Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda sahibkarlığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Biz də bu tədbirlərə öz töhfəmizi vermək üçün daim çalışırıq, çünki hər şey ölkəmizin inkişafı üçündür".

Millət vəkili Ziyad Səmədzadə isə çıxışında vurğulayıb ki, birliyin məhz İpək Yolunun adı ilə bağlı olması heç də təsadüfi deyil: "Son 10 ildə Azərbaycanın iqtisadi potensialı 3-4 dəfə artıb. Sahibkarların işlərinə yönələn belə ictimai birliklərin fəaliyyətlərini daha təkmilləşdirməli və onlara lazımi şərait yaradılmalıdır".

TUSCON şirkətlər qrupunun rəhbəri Rızanur Meral Azərbaycanla Türkiyə əlaqələrindən danışaraq bildirib ki, qardaş ölkə arasında bir çox sahələrdə olduğu kimi, iqtisadi sahədə də müsbət irəliləyişlər mövcuddur: "İnanıram ki, əlaqələrimiz bundan sonra da ardıcıl şəkildə davam edəcək"- deyə bildirib.

Rəsmi hissədə qonaqlara ödüllər və plaketlər təqdim edildikdən sonra "İpək Yolu" SİDİB ASK və TUSKON-la əməkdaşlıq imzalayıb.



Teqlər:





Xəbər lenti