6 minədək tələbə ixtisasını və məktəbini dəyişib

   6 minədək tələbə ixtisasını və məktəbini dəyişib
  31 Yanvar 2020    Oxunub:2999
Azərbaycanda tələbə köçürülməsinin elektron yolla aparılmasına başlanıldığı vaxtdan indiyədək ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 6000-ə qədər tələbə bir ixtisasdan digərinə və ya bir ali məktəbdən digərinə köçürülüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib.

Tələbələrin köçürülməsi prosesinin elektronlaşdırılmasını təhsil sahəsində aparılan islahatlardan biri kimi dəyərləndirən G.İsgəndərova qeyd edib ki, tələbə köçürülməsinin aparılması ilə bağlı hər hansı say məhdudiyyəti qoyulmayıb:

“Bununla bağlı bizim tərəfimizdən heç bir say məhdudiyyəti qoyulmur. Tələbə köçürülmə üçün müraciət etdiyi halda və onun sənədləri düzgündürsə, biz onun köçürülməsi barədə qərar veririk. Ötən ilki statistikaya nəzər salsaq görərik ki, 2019-cu ilin fevralında 1000-dən çox tələbə köçürülmüşdü. Bu il də təxminən bu civarda tələbənin köçürüləcəyi gözlənilir”.

G.İsgəndərova tələbə köçürmələrinin tədris ili ərzində iki dəfə - fevral və iyul aylarında aparıldığını da xatırladıb.

Qeyd edək ki, Azərbaycanda tələbə köçürülməsi 2016-cı ildən Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı vasitəsilə aparılır.

Azvision.az


Teqlər: Məktəb   Tələbə  





Xəbər lenti