Vilayət Eyvazov səudiyyəli səfirlə görüşdü

  05 Fevral 2020    Oxunub : 1260
Vilayət Eyvazov səudiyyəli səfirlə görüşdü
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qonağı salamlayan nazir Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini məmnunluqla qeyd edərək dövlətlərimizin rəhbərləri arasında olan şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirib.

Daha sonra qonağa mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, sabitlik və əmin amanlığın qorunub saxlanılması üçün görülən işlər barədə qısa məlumat verilib.

Azərbaycan Respublikasınin və Səudiyyə Ərəbistanı Krallığının daxili işlər orqanları arasındakı əlaqələrə toxunan nazir Vilayət Eyvazov bu əməkdaşlığın 2018-ci il fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol” və Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Cənab Həməd Abdulla Xudeyr səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, diplomatik fəaliyyəti dövründə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin amanlıq şəraitindən məmnun olduğunu deyib. Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına Azərbaycanın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə Səudiyyə Ərəbistanı Krallığından gələn turistlərin sayının ilbəil artdığını vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, bundan sonrakı fəaliyyəti dövründə də əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Azvision.az

Teqlər: DİN   Səfir