Gənc fiziklərin yaradıcılıq müsabiqəsi keçiriləcək
Martın 4-də keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Ən çox bal toplayan ilk 3 komanda qalib sayılacaq.
Gənc fiziklərin yaradıcılıq müsabiqəsinə qatılacaq hər komanda 3 nəfərdən (1 nəfər IX sinif, 1 nəfər X sinif, 1 nəfər XI sinif) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil müəssisələrinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini də yerinə yetirməlidirlər.
Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Qaliblər Təşkilat Komitəsi tərəfindən ümumi təhsil müəssisələrinin fizika fənni üzrə müəllimləri arasından seçilmiş Ekspert Qrupu tərəfindən müəyyənləşdiriləcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik şagirdlərin aşkar edilməsindən ibarətdir.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim ediləcək.
Azvision.az
Teqlər: BŞTİ