23 şəhər və rayonda imtahan keçiriləcək
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından fevralın 10-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.
İmtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3178 (Bakıda 1259, Gəncədə 280, Şəmkirdə 77, Gədəbəydə 60, Qazaxda 37, Tovuzda 110, Sumqayıtda 270, Şamaxıda 52, Qaxda 76, Bərdədə 155, Göyçayda 58, Kürdəmirdə 12, Zərdabda 40, Şirvanda 95, Sabirabadda 60, Biləsuvarda 53, Salyanda 52, Saatlıda 88, Lənkəran 80, Cəlilabadda 88, Qubada 71, Qusarda 37, Xaçmazda 68 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 33 imtahan rəhbəri, 294 nəzarətçi-müəllim ayrılıb.
Azvision.az