“Şikayət pripiskası”: MSK-ya qarşı görünməmiş taktika həyata keçirilir

    “Şikayət pripiskası”:    MSK-ya qarşı görünməmiş taktika həyata keçirilir
  21 Fevral 2020    Oxunub:22324
Bugünlərdə MSK-nın işi çətindir. Ona görə yox ki, seçki zamanı baş verdiyi iddia olunan pozuntularla bağlı şikayətlər gəlir. Xeyr, bu, əslində elə işin çətin olmayan, MSK-nın özünün də həvəslə gördüyü və görməkdə maraqlı olduğu hissəsidir. Vəziyyəti qəlizəşdirən başqa şeydir.
Normalda Mərkəzi Seçki komissiyasına şikayət nəyə görə verilir? Hansısa dairə və ya məntəqədə olan pozuntuları araşdırıb, nəticəsini aradan qaldırmaq üçün. Azərbaycanda isə hazırda mərkəzində MSK-nun olduğu tamam başqa bir tamaşa oynanılmaqdadır. Belə ki, indi müəyyən bir qrupun təşkilatçılığı ilə sadəcə, şikayətlər çox, lap çox olsun və seçkinin qapqara bir mənzərəsi yaradılsın deyə, şikayətlər verilir. Bir növ MSK-ya qarşı “şikayət pripiskası” həyata keçirilir. Bəziləri MSK-nı şikayət “spam”ı atəşinə tutmaqla süni quraşdırılmış seçki panoramı yaratmağa və real pozuntuların miqyasını qat-qat böyük göstərməyə çalışırlar. Saxta “layk” təşkilinə alışmış kəl(l)ələr elə bilirlər ki, feysbukdakı fokuslarını burada da təkrarlaya biləcəklər.

İnandırcı deyil? Lap əla. Çağıraq, əlahəzrət faktlar buyursunlar yuxarı başa!

MSK-ya müraciət edənlərdən biri 40 saylı II Gəncə-Kəpəz seçki dairəsindən Zeynalova Sitarə Mehdi qızıdır. Təəssüf ki, xanımın həyat yoldaşının adını bilmirik. Əgər bilsəydik, eyni dairədən şikayət verən digər şəxsin – Səfərov Ramil Mürşüd oğlunun ismi-şərifi bizə daha çox şey deyə bilərdi. Onların kim olduğunu bilənlər MSK-nın iclasında Sitarə xanımın çıxışlarını diqqətlə izləyirdilər ki, görək, hər dəfə Ramilin haqqında “bu oğlan”, “bu oğlan” xitabı ilə danışan qadının dili dolaşıb, barı bircə dəfə “oğlum” deyəcəkmi? Amma yox, Sitarə xanım peşəkar kəşfiyyatçıların belə həsəd apara biləcəyi dəyanət nümayiş etdirərək, bircə dəfə də çaşmadı. Ana ürəyi siyasətçi beyninə qalib gələ bilmədi.

Fəqət, kəşfiyyatçılar boşuna demirlər ki, istənilən peşəkarın mütləq nə vaxtsa büdrədiyi bir məqam olur. Sitarə xanım həmin məqamla çox pis bir yerdə üzləşdi.

Məsələ ondadır ki, Gəncə-Kəpəz seçki dairəsindən namizəd olan ana-bala (cidanı çuvalda gizlətmək olmaz) pozuntularla bağlı şikayətlərində 32 saylı Suraxanı İkinci Seçki Dairəsində pozuntudan danışırlar. İstər-istəməz sual doğur: Haradan hara? Gəncənin namizədi niyə Suraxanıdakı seçici fəallığını mübahisələndirsin ki?

MSK-nın soyuqqanlı komissiya üzvləri də bu sualı veriblər. Bunu şikayət ərizəsindəki “texniki səhv” ilə izah edən Sitarə xanım isə başını Kəpəz kimi dik tutaraq, dağ vüqarı ilə Azərbaycanın (bəlkə də dünyanın) seçki tarixində qalacaq bir cavab verib: “...Əgər şikayəti özüm oxusaydım, səhvi vaxtında düzəldərdim!”

Bəli, məlum olub ki, xanım MSK-ya verdiyi şikayətdə nə yazıldığından xəbərsiz imiş! Onun yerinə ərizəni yazıblar, özü isə şikayətnaməsinin məzmunundan belə xəbərsizdir.

Əlbəttə, bir hala əsasən durub, kimlərinsə MSK-ya saxta şikayət hücumu təşkil etdiyini söyləmək düz olmazdı. Məsələ ondadır ki, belə hallar kifayət qədərdir. Tanış olun: Əhmədov Rəvan Aydın oğlu 88 saylı Göyçay Seçki Dairəsində Vahid Azərbaycan Partiyasının (Bəli, belə bir partiya var) namizədi olub. Onun MSK-ya yazdığı şikayət ərizəsi bu cümlə ilə başlayır: “9 fevral 2020-ci ilə təyin edilmiş Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimiz 6 saylı Culfa-Babək seçki dairəsindən Dairə Seçki Komissiyasının müvafiq qərarı ilə qeydə alınıb”.

Belə çıxır ki, adam özünün hansı dairədən namizəd olduğunu bilmir? Yaxşı, tutaq ki, namizəd Göyçay rayonunun Naxçıvanda olduğunu zənn edirmiş (bunu bağışlamaq olar, çünki bu seçkidə namzədlərin arasında belələri az deyildi) və şikayətin davamını oxuyaq: “...Rəqibim, Yeni Azərbaycan Partiyasının namizədi Həmzəyeva Ülviyyə Tapdıq qızının xeyrinə inzibati resurslardan istifadə edərək...”

Tamam, Göyçayı Naxçıvanla qarışdırmaq nəzəri cəhətdən bəlkə də necəsə mümkündür (bu zəhrimarı az çəkin də!), amma doğrudanmı, adam kimə qarşı mübarizə apardığını da bilməyib?!

...Bir gün Şeytan oğlu ilə gedirmiş. Yolun o biri başında bir at kişnəyib, şahə qalxaraq, üstündəki adamı yerə çırpır. Adam qalxıb, ufuldaya-ufuldaya Şeytana lənət oxuyanda, bala şeytan dözməyib, soruşur:

- Ay ata, o vicdansız sənə niyə lənət oxudu? Axı sənin nə günahın var? Sən burada, at orada...

Şeytan:

- Sən bilmirsən, oğul,- deyir,- mən özüm burada olsam da, barmağım həmin atın arxasında idi.

İndi məsəli bizim namizədlərdən iraq, deyəsən, bunlar da özləri bir dairədə ola-ola, barmaqları başqa dairələrdəki qutularda imiş? Məsələn, özü Gəncədə, barmağı Suraxanıda; özü Göyçayda, barmağı Culfada?!.. Yoxsa, bu ərizəni də onun üçün sadəcə yazıblar, o da oxuyub, səhvlərini düzəltmədən MSK-ya göndərib? Əgər ekzotik variantları qırağa qoysaq, ən inandırıcı olan elə budur.

Bu yerdə gəlib çatırıq Roma Hüququnun məşhur sualına: “Bu, kimə sərf edərdi?” Açıq-aşkar görünür ki, Azərbaycanda keçirilmiş seçkini ləkələmək, pozuntuları reallıqda olduğundan qat-qat artıq göstərmək üçün şikayətləri süni şəkildə çoxaltmaq kampaniyası aparılır. Və bu kampaniya təkcə mediada, sosial mediada deyil, həm də real həyatdadır. Amma “şikayət pripiskası”nı təşkil edənlər unudublar ki, sosial mediadan fərqli olaraq, real siyasət meydanı onların yeri deyil – qarşılarında hər cür fırıldağı sezməyə qadir olan güclü bir hakim var.



Vüsal Məmmədov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti