Futbolçularımızın 2013-cü il dəyərləndirməsi – SORĞU

Futbolçularımızın 2013-cü il dəyərləndirməsi – SORĞU
  25 Dekabr 2013    Oxunub:1315
2013-cü ilin sonuna sayılı günlər qalıb. İl hər birimiz üçün yaddaqalan hadisələrlə tarixə qovuşmaq ərəfəsindədir. Sorğumuz da elə bu mövzudadır. Öyrənmək istədik ki, görək 2013-cü il futbolçularımız üçün nə ilə yadda qaldı. Bu da cavablar:
Elvin Yunuszadə (“Neftçi”nin müdafiəçisi):

- Bu il həm xoş, həm də üzüntülü anlarla yadda qaldı, amma ümumi götürəndə 2013-cü ili qənaətbəxş saymaq olar. Hər halda, bu il həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olduq ki, bunu da yaxşı nəticə saymaq olar.

İlqar Qurbanov (“Qarabağ”ın yarımmüdafiəçisi):

- Sonuna yaxınlaşdığımız 2013-cü il həm karyeram, həm də şəxsi həyatım baxımından çox yaxşı alındı. İnşallah, gələn il həm bütün Azərbaycan xalqı, həm də şəxsən mənim üçün daha uğurlu alınar.

Asif Məmmədov (“İnter”in yarımmüdafiəçisi):

- Bu il mənim üçün ciddi bir yeniliklə yadda qalmadı. Ən yadda qalan məqam Avropa Liqasındakı qarşılaşmada aldığım zədə oldu ki, həmin zədədən sonra formadan düşdüm. Bu da mənim üçün xoş xatirə sayılmır.

Amil Ağacanov (“Simurq”un qapıçısı):

- Geridə qoymağa hazırlaşdığımız ili xatırlamaq belə istəmirəm, çünki mənim üçün pis keçdi, yaxınlarımı itirdim.

Ürfan Abbasov (“Qəbələ”nin müdafiəçisi):

- Sona çatmaqda olan il mənim üçün daha çox məni geri salan çoxsaylı zədələrlə yadda qaldı. Buna görə də ili özüm üçün uğurlu saymıram.

Emin Mustafayev (Türkiyənin “Karsspor” klubunun yarımmüdafiəçisi):

- Bu il mənim üçün bir çox şeylərlə yadda qaldı. Ən əsası da böyük ümidlərlə transfer olduğum “Rəvan” klubunda işlərimin yolunda getməməsi və komandadan ayrılmağım yadda qalan oldu. Bundan başqa, şəxsi həyatımla bağlı yeniliklər oldu. Bu baxımdan subaylığın daşını atmaq yönündə atdığım addımlar önəmli idi.

Ruslan Tağızadə (AZAL-ın müdafiəçisi):

- Vurduğum qollarla komandama yardımçı olmağım bu ilin karyeram baxımından yaxşı keçdiyini düşünməyə əsas verir. Bu il şəxsi həyatımda da hər şey qaydasında oldu. Uzun müddətdir görmədiyim qardaşımla məhz bu il görüşə bildim. Bundan başqa, avtomobilimi də dəyişdim ki, bu da mənim üçün ilin yaddaqalan anlarından idi.

Vüqar Əsgərov (Azərbaycan yığmasının üzvü):

- Bu il mənim üçün pis alınmadı. Ən əsas ona görə ki, bu il “Sumqayıt”dan aldığım təklifdən sonra Azərbaycan çempionatında çıxış etmək imkanı qazandım. Həmçinin, anamın dadlı yeməklərindən yemək və yaxınlarımla görüşmək imkanı qazanmağım da yaddaqalan oldu.

Ramal Hüseynov (“Qaradağ Lökbatan”ın yarımmüdafiəçisi):

- Düzü, 2013-cü illə bağlı heç də xoş xatirələrim yoxdur. Mənim üçün uğurlu olmadığını deyə bilərəm. İnşallah, gələn il işlərim daha yaxşı alınar.

Eren Taşkın (Azərbaycan U-21-nin üzvü):

- Cari ilin mənim üçün uğurlu alındığını düşünürəm. Məhz 2013-cü ildə Azərbaycanın Olimpiya yığmasına dəvət olunmağım xüsusən xoş oldu.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti