Şeytanların şahmatı

Şeytanların şahmatı
  25 Dekabr 2013    Oxunub:1430
Vüsal Məmmədov

Türkiyədə Camaat-AKP, yaxud Ərdoğan-Gülən mübarizəsi getdikcə qızışır. Hocaəfəndi göstərir ki, əlindən gələn təkcə bəddua deyil, gizlətdiyi çox “kozır”lar var və zamanı gələndə hər dəfə birini ortaya atır. Ərdoğan da ondan geri qalmır.


Gülənin etdiyi qarğış və bəddualar göstərirdi ki, artıq körpülər tamamilə yanıb və tərəflər bir-birini tükədənə qədər zərbələr endirməkdə davam edəcəklər.

Yaranmış vəziyyətdə bəzən “Camaat”, bəzən “Hizmət”, bəzən “Nurçular” adlanırılan bu qüvvənin – Fətullah Gülən hərəkatının real imkanlarını dəyərləndirmək lazımdır. Və Təkcə Türkiyənin daxilində baş verənlərə görə yox, həm də ona görə ki, Azərbaycanda da bu qüvvənin uzantıları var. Və ümumiyyətlə, Ərdoğan-Gülən çəkişməsinin necə sonuclanması çox şeyə təsir göstərəcək.

Bu ziddiyyət hər şeydən əvvəl onu göstərir ki, dinin siyasətə gəlməsi necə böyük fəsadlar törədə bilər. Öncə AKP ilə “Camaat” birləşib başqalarını – ilk növbədə də hərbçiləri “vurdular”, indi isə onların bir-birini didməsinə mane olacaq demək olar ki heç kim qalmayıb.

Quranda "Bütün möminlər qardaşdır" (Hucurat / 10) sözü lap min dəfə də yazıla bilər, amma bunun nə Gülənə dəxli var, nə də AKP-yə. Din, hər şeydən öncə siyasətdir və siyasi maraqlara xidmət etməlidir. Halbuki, AKP ilə “Camaat”ın arasında elə bir ciddi, köklü ziddiyyət indiyə qədər qeydə alınmayıb. Yalnız 3-4 dəfə mövqe fərqləri olmuşdu: məsələn, “Mavi Marmara” olayı zamanı Fətullah Gülən İsraillə münasibətləri kəskinləşdirməyə qarşı çıxmışdı, Gəzi Parkındakı aqressivliyi pisləmişdi... Türkiyənən bəzi siyasi ekspertlərinə görə, bunlardan sonra Ərdoğanda paranoya yaranıb və o, Hocaəfəndinin İsrail, eləcə də ABŞ-la işbirlyinə gedərək, AKP hökumətini yıxmağa çalışdığı fikrinə düşüb. Və əks addım kimi “Hizmət”in onurğa sütunu olan dərsanələri bağlamağa qərar verib.

Bu iki qüvvənin arasında hansı fərqlər var? Ərdoğanın islami baxışları Gülənə nisbətən daha radikaldır. “Camaat”ın siyasi mövqeyi sağ mərkəzçi kimi dəyərləndirilə bilər, AKP isə mərkəzdən getdikcə uzaqlaşır və hazırda mühafizəkar qüvvə kimi çıxış edir. Amma əsas fərq odur ki, AKP konkret strukturu, liderləri olan patiyadır, “Camaat”ın isə haqqında heç nə məlum deyil. Strukturu necədir, Fətullah Güləndən başqa hansı yetkili şəxsləri var, üzvləri haralardadır, hansı dövlət orqanlarında hansı vəzifələri tuturlar – bunların hamısı sirrdir. Bu, məxfi dini ordeni daha çox xatırladır. Bəlli olan odur ki, dövlət orqanlarından tutmuş, biznesə qədər çox yerlərdə gözləri, qulaqları və əlləri var.

Bu iki qüvvənin toqquşması, aydındır ki, hər şeydən əvvəl “qalstuklu mollaları” gözdən salacaq və qarşıdakı mart seçkilərində alternativ qüvvənin – CHP-nin və millətçilərin yolunu açacaq. Hazırda AKP-nın əsas “kozırı” 50%-dən çox səs potensialının olmasıdır. Əgər martda keçiriləcək yerli seçkilərdə bu balans pozularsa, onda vəziyyət yeni şəkil alacaq. Balans isə yəqin ki, pozulacaq. Çünki AKP-nın əsas gücü insanların dini hisslərini istismar etməsində idi. Bu partiyanın sosial dayaqları dindarlardır. Amma Fətullah Gülənlə toqquşmaq dindarların böyük qisminin Ərdoğandan üz döndərməsinə gətirib çıxara bilər.

Hər halda, dini lider Fətullah Güləndir, Ərdoğan yox. Əgər xarizmatik siyasi lider olan Ərdoğanın seçici üzərində təsiri böyükdürsə, gözünün yaşı ovcunda olan Gülənin dindar insan üzərində böyük təsiri var. Və ikincinin ağır basacağına şübhə etməyə dəymir. İndi AKP-Camaat davasında ən çox işlənən ittihamlardan biri “fitnəkarlıq”dır, müsəlmanların arasına fitnə salmaq isə islamda ən ağır günahlardan biri sayılır. Müsəlman seçici bunu nəzərə alacaq. Və onu da nəzərə alacaq ki, Türkiyəni sarsıdan Gəzi olaylarında Fətullah Gülən onun yanında idi.

Beləliklə, “qalstuklu molla” davaları AKP iqtidarını laxlatmağa yönəlmiş bir ssenaridir, buna şübhə ola bilməz. Amma səbəb doğrudanmı, sadəcə Ərdoğanın paranoyasıdır?
Axı bu iki qüvvənin arasında elə bir başqa gərginlik yox idi: onların biznes sahələri kəsişmir, “Camaat”ın hakimiyyətə gəlməklə bağlı birbaşa siyasi iddiaları yoxdur... Dindən daha güclü olacaq hansı maraq qalır? Heç nə!

Doğrudanmı, Ərdoğanın və Türkiyənən bir sıra yazarlarının şübhələndiyi kimi, ortada yəhudi barmağı var? Əgər bu ehtimalı qəbul eləsək, ikitərəfli etməliyik. Yəni ortada çox gözəl qurulmuş oyun var və hər iki tərəf qeyri-ixtiyari onun ssenarisi üzrə hərəkət edir. Özləri də istəmədən hər bir gedişlə həmin plana daha dərindən xidmət göstərirlər. Bir dəfə Fəttulah Gülənin işlətdiyi ifadə ilə desək, “Şeytanlar şahmat oynayır”, amma tragikomediya bundadır ki, dindarlar həmin oyunun fiqurlarına çevriliblər.

Plan isə, yəqin budur ki, Ərdoğan işini gördü, mavr artıq getməlidir. Bəs dini qüvvəni hakimiyyətdən kənarlaşdırmağın ən yaxşı yolu nədir? Başqa bir dini qüvvə. Nəyi nə ilə çıxarmaq haqqındakı məşhur məsəldə deyildiyi kimi.




Teqlər:  





Xəbər lenti