İlk dərslər Xocalı soyqırımına həsr edilib
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, torpağa aid şeirlər səsləndirib, onların hazırladıqları fotostendlər və guşələr nümayiş etdirilib.
Qeyd edək ki, Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagird kollektivinin soyqırımı şahidləri ilə görüşləri və “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.
Azvision.az
Teqlər: Xocalı