Sahibkarlara 275 milyon manat güzəştli kredit verildi

Sahibkarlara 275 milyon manat güzəştli kredit verildi
  27 Dekabr 2013    Oxunub:1108
Bu il sahibkarlara 275 milyon manat güzəştli kredit verilib
Dekabrın 26-da Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda bu ilin sonuncu tədbiri keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, tədbir çərçivəsində 21 sahibkarlıq subyektinə 1,4 milyon manat güzəştli kredit verilmişdir. Ayrılmış kreditlər əsasən, metal konstruksiya, çörək, un məmulatları istehsalı, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

Səksənə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, sahibkarlara müasir corab istehsalı, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.

Tədbirdə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhəri və onun qəsəbələrində, o cümlədən Sabunçu rayonunda görülmüş işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2013-cü il ərzində qurumun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələrdən danışıb.

Onun sözlərinə görə, fondun vəsaitləri hesabına bu il 4480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə istifadəyə verilmişdir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 686 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 5300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Verilmiş kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Güzəştli kreditlərin 77 faizi respublikanın regionlarının, 23 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

Tədbir çərçivəsində, həmçinin Bakıxanov qəsəbəsində güzəştli kredit alan, ildə 42 min ton çörək istehsal etmək qabiliyyətinə malik olan zavodun fəaliyyətinə baxış keçirilib.


Teqlər:  





Xəbər lenti