“Bu yaşda durub sponsor axtarası deyiləm” - MÜSAHİBƏ

“Bu yaşda durub sponsor axtarası deyiləm” - MÜSAHİBƏ
  26 Dekabr 2013    Oxunub:2191
Mübariz Tağıyev: “70 yaşdan sonra səhnədə qalmaq lazım deyil”
Xalq artisti Mübariz Tağıyevin ötən ay ağır xəstəliyə düçar olduğu, səhhətində ciddi problemlər yarandığı barədə xəbərlər yayılmışdı. Bizimlə söhbətində səhəttinin yaxşılaşdığını söyləyən xalq artisti əməliyyatdan sonra özünü daha yaxşı hiss etdiyini və 20-yə yaxın mahnı yazdırdığını söylədi. Mübariz Tağıyevlə efirlərə yol açan bayağı mahnılardan və şou-biznesdə “at oynadan” müğənnilərdən danışdıq.

- Mübariz müəllim, ötən ay səhhətinizlə bağlı problemlər yaşadığınızı eşitdik. İndi necəsiniz?

- Bəli, səhhətimlə bağlı böyük bir problem yaşadım. Şükürlər olsun ki, indi o problemlərim aradan qalxıb. Həqiqi mənada çox ağır əməliyyat keçirdim. İndi hər şey qaydasındadır. Özümü çox yaxşı hiss edirəm.

- Bundan sonra yaradıcılığa davam edə biləcəksinizmi?

- Bəli. Artıq tam gücümlə işləməyə hazıram.(gülür) İndi deyəcəksiniz ki, yaşınızın bu vaxtında bu nə söhbətdir ki, tam gücüm ilə hazıram kimi fikir səsləndirirsiniz. Əgər hiss etsəm ki, səhnədəki müasirliyimi itirirəm və ya insanlar üçün gərəksizləşirəm o zaman özüm öz razılığım ilə səhnədən birdəfəlik gedərəm. Ancaq indi hiss edirəm ki, daxildən gələn enerjim var ki, o enerji ilə geri qalan müddətdə eləmədiklərimi edə bilərəm. Bundan sonra yalnız bir neçə il uzağı 5 il bundan artıq səhnədə, efirlərdə qalmağım mümkün deyil.

- Nə üçün elə deyirsiniz? Yaşlı nəslin müğənnilərin də öz dinləyiciləri var.

- Estrada səhnəsində hər yaşın öz yeri və statusu var. 70 yaşdan sonra səhnədə olmaq gərəksizdir. Mənim səs imkanlarım, səs tembrim dəyişməyib, ancaq müəyyən qayğılar var ki, sadəcə olaraq çatdırmıram. Həm ailə qayğıları, həm də sağlamlığımda müəyyən problemlər yaranıb. Yaşım da çoxdur, il ötdükcə də artmağa başlayır. Mən cavanlarla özümü bir tuta bilmərəm.

- Mübariz müəllim, yeni mahnılar necə yazdırırsınızmı?

- Deyəcəm inanmayacaqsınız, amma bu əməliyyatdan sonra 20 yeni mahnı yazdırmışam. Mahnıların bəstəkarları, oranjımançımanlar məni gözləyirlər.(gülür) Bu mahnılar efirə çıxmalıdır. Məndə bir xasiyyət var ki, oxuduğum mahnıya uzun müddət sadiq qalıram. Mahnını bir dəfə oxuyub tullamaq olmaz. Çox zaman ifa edəcəyim mahnılarımın üzərində yarım il, bir də görürsən 1 il işləyirəm. Musiqinin sözlərinin 4 dəfə mətnini dəyişdirdiyim zamanlar olur. Mahnıda özüm özümü tapmasam çətin ki, onu efirdə yayımlanmasına yol verəm. Ona görə işlədiyim bəstəkarlar da, şairlər də məni üzrlü sayırlar və iş rejimimi bilirlər.

- Çoxdandır sizin klipinizi görmürük.

- Klip çəkdirmək üçün maddi imkanlar lazımdır. Açığını deyim ki, mənim klip çəkdirmək üçün bir o qədər də imkanım yoxdur. Bu yaşda durub sponsor axtarası da deyiləm.

- 47 ildir ki, səhnədəsiniz. Səhnədə sözün yaxşı mənasında tanınmaq üçün nələr etmək lazımdır?

- İlk növbədə səhnədə tamaşaçılarla səmimi olmaq lazımdır. İfa etdiyin 3 dəqiqəlik mahnını yaşamaq lazımdır. Bu çox çətin məsələdir. Yəni 2 kəlmədə mən bunu dedim. İfaçı istər şən, istərsə də nakam sevgidən bəhs edən mahnı səsləndirsin, əgər ifa zamanı onu yaşamayıbsa o mahnı inandırıcı alınmaz. Mahnını oxuyarkən obraza girməlisən. Vətənpərvər mövzusunda ifa olunan mahnılar var ki, özün o əsgərin rolunda olmalısan. Mən demirəm ki, vətənpərvərəm və ya belə dağıdaram, uçuraram, yox. Təbii ki, mənim adaşım olan Mübariz İbrahimov və onun kimilər qəhrəmanlıqda, vətənpərvərlikdə məndən öndə durub. Onlar vətən üçün canlarını veriblər. Vətənpərvərlər bu insanlardırlar. Ancaq ki, mən mahnıda o həyatı yaşamalıyam. Əlimdən gələn hər şeyi ortalığa qoymalıyam. Çünki bu mənim sənətimdir. Ona görə deyirəm ki, səsləndirəcəyim mahnıların yaranması 1 ilə qədər çəkir. Həyat davam edir, nə qədər ömrüm çatsa o qədər də oxumağa çalışacağam. Sabahın insana nələr gətirəcəyini bilmək olmaz.

- Sizcə bu gün şou biznesdə kimlərə yer yoxdur?

- Şou biznes geniş bir aləmdir. Hərdən iradlar səslənir ki, şou biznesdə bayağı mahnılar səslənir. Bu kimi fikirlər SSRİ vaxtında da səslənirdi. Həmin mahnılar səslənəndə onu efirdən çıxardırlar mahnını sədası bazarın o biri tinində eşidilirdi. Hərənin bir zövqü var. Simfonizmi sevməyən bir adamı aparıb klassik bir konsertdə oturtmaq faciədir. 10 dəqiqədən sonra həmin konsertdən ya onun meyidi çıxacaq, ya da ki, onu çıxarmaq üçün konsert salonun qarşısına təcili yardım gələcək.(gülür) Deməyim odur ki, insanı zorla aparıb haradasa oturtmaq olmaz ki, sən bunu etməlisən və ya maarifli olmalısan. Yox. Belə deyil. Sənət aləmi bir-birinə zəncirvarı bağlıdır. Bir tərəfə diqqəti artıq yetiririk bir də görürük ki, o biri tərəf unudulub. Hər kanal öz bildiyini edir. İndi bir kanala nəyisə irad tuturuq, 5 dəqiqədən sonra baxırıq ki, həmin kanalda tutduğumuzun iradın tam əleyhinə olan bir veriliş hazırlanır. Bu normal hal deyil. Sonra da deyirik ki, tamaşaçının zövqü korlanıb.

- Bu bayağı mahnıları efirlərdən çıxarma üçün nə məsləhət görürsünüz?

- Həmin mahnıları efirlərdən çıxartmaq olar, ancaq ki, bazardan çıxarmaq qeyri mümkündür. Çünki zövq müxtəlifliyi var və heç kimin icazəsi yoxdur ki, ixtiyari vətəndaşa desin ki, sən bunu eşitmə. Kim nəyi sevirsə, ona da qulaq asır.

- Mübariz müəllim, “Yeni ulduz” yarışmasından çıxmış, sizin yetişdirdiyiniz gənclər də var ki, bu gün onlar da bu bayağı mahnılara müraciət edirlər. Siz özünüz onlara dəstək ola bilmirsinizmi?

- Onlar mənimlə daima əlaqə saxlayırlar. Belə ki, mənə oxuyacaqları mahnıları gətirirlər, baxıram ki, mahnı düz yığılmayıb. İndiki mahnılarda nəsə çatmır. Misal üçün mahnının əvvəlində ifaçı ağlayır deyir ki, getmə dil tökür, mahnının axırı elə bitir ki, gülərək deyir ki, gedirsən get də. Bu mahnı yox kimi bit şeydir. Belə mahnımı olar? “Yeni ulduz” uşaqlarının da çoxları gəlir bir yerdə otururuq mahnının quruluşu barədə fikirləşirik, onlara öz məsləhətlərimi verirəm. Mənim onlara köməyim ancaq belə ola bilər. Mən onlara başqa cür kömək edə bilmərəm. 50-ə yaxın gənc çalışqan ifaçılar var ki, peşəkar səhnəyə gələ bilərlər. Onlarla tez-tez əlaqə saxlayıram. Həmin ifaçılar imkansızlıqdan səhnəyə yol tapa bilmirlər. Durub özlərinə sponsor da axtara bilmirlər. Bu faciədir. Həqiqi mənada. İstedadlı uşaqlar qalıb bir yanda bir də görürsən ki, şou-biznes aləmini tam başqa insanlar təmsil edir. Mən demirəm onların hamısı belədir, xeyr. Onların içərisində yaxşı müğənnilər də var, ancaq pisləri daha çoxdur.

Xəyalə Rəis



Teqlər:  





Xəbər lenti