DİQQƏT: Sovet əmanətləri üzrə qalan kompensasiyalar verilir

DİQQƏT: Sovet əmanətləri üzrə qalan kompensasiyalar verilir
  28 Dekabr 2013    Oxunub:1431
İlin sonunadək daha 1,3 min vətəndaş sovet əmanətləri üzrə kompensasiya ala biləcək.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 14 mart tarixli Fərmanına əsasən, 2012-ci il iyunun 1-dən etibarən başlanılan keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi bu il dekabrın 31-də başa çatdırılır.

Ötən dövr ərzində Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri əsasında 1 milyon 622 min 345 əmanət hesabı üzrə 597 milyon 320 min 420,74 manat məbləğində vəsait ödənilib. Müraciət edən vətəndaşların 95 faizinin müraciəti təmin olunub.

Bu barədə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi işinə ümumi nəzarəti həyata keçirən Maliyyə Nazirliyinin nəzdində yaradılmış Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiyanın sədri Razim Vəliyev “Fərdi birdəfəlik ödəmələrin verilməsinin başa çatması” ilə bağlı dekabrın 27-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanının icrası olaraq Nazirlər Kabinetinin 2012-ci il 30 mart tarixli qərarı ilə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiya yaradılmışdır. Yarandığı vaxtdan etibarən Xüsusi Komissiyanın 106 iclası keçirilərək, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.

Xüsusi Komissiyanın qərarları əsasında 108,176 əmanət hesabına münasibətdə itirilmiş və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşmüş əmanət (bank) kitabçasını əvəz edən sənəd verilib. Birdəfəlik ödəmələr həmin qərarlara əsasən həyata keçirilib.

Eyni zamanda, Xüsusi Komissiyaya daxil olmuş 5 minə yaxın ərizə, 1200-ə yaxın elektron müraciət, komissiyanın “qaynar xətt”inə daxil olmuş 30 mindən artıq müraciət operativ şəkildə araşdırılaraq cavablandırılıb.

Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində birdəfəlik ödəmələrin verilməsi işinə ümumi nəzarətin həyata keçirilməsi üçün Xüsusi Komissiyanın üzvləri respublikanın rayon və şəhərlərinə ezam olunaraq, bu işin təşkili vəziyyəti ilə yerində tanış olmuş, əmanətçilərin rəyinin öyrənilməsi üçün sorğular keçirmiş və işlərin gedişində qarşıya çıxan çətinliklərlə bağlı müvafiq tapşırıqlar veriblər.

Razim Vəliyev, həmçinin qeyd etdi ki, fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət edən 1387 əmanətçiyə bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər bankın müvafiq filiallarından onlara təyin olunan pul vəsaitlərini bu günədək gəlib almayıblar. Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il dekabrın 31-də başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək “Kapital Bank“ ASC-nin müvafiq filiallarına müraciət etməyə çağırır.

R.Vəliyev əlavə edib ki, Azərbaycanda 50 min manat kompensasiya alan əmanətçi də olub.

Ümumiyyətlə, Azərbaycan 1000 rubl qalığa 190 dollar ödəyib ki, bu göstəriciyə görə də respublikamız MDB ölkələri arasında birinci yerdədir.


Teqlər:





Xəbər lenti