Əsas təhdid ucuz neft deyil... – TƏHLİL

   Əsas təhdid ucuz neft deyil... –    TƏHLİL
  16 Mart 2020    Oxunub:3884
Azərbaycan da daxil olmaqla, bu gün bütün neft hasilatçısı olan, başqa sözlə desəm, gəlirləri xam neft və qaz satışından asılı olan ölkələr dünya bazarlarında qiymətlərin nə vaxt bərpa olunacağını gözləyirlər. Bu sahədə isə nəinki yaxın və orta perespektivdə, hətta gələcəkdə də heç bir müsbət proqnoz vəd edilmir.
Son bir neçə ildə neft bazarında sabitlik hökm sürürdü, “Brent” markalı neftin 60 ABŞ dolları ətrafında rəqs etməyi hamı üçün sərfəli idi. Hətta qiymətlərin bir az bahalaşacağını gözləyənlər də vardı. Buna məhz OPEC+ ölkələrinin öz qərarlarında yekdil olacaqlarına inam əsas yarardı. Çünki neftin qiymətinin 2016-cı ilin ikinci yarısından etibarən stabilləşməsini məhz sözügedən qərar təmin etmişdi. Ancaq nə yazıq ki, bu qərarın bir az da sərtləşdirilərək, uzadılacağı gözlənildiyi halda, əvvəlki razılıq belə, pozuldu. Özü də elə bir dönəmdə ki, bu tamamilə yolverilməz idi. Bax, bu iki neqativ halın üst-üstə düşməsi neftin qiymətinin hələ uzun müddət 40 dollardan aşağı səviyyədə qalacağı qorxusunu yaradır. Hətta, “Ola bilsin ki, qiymətlər 30 dollardan da aşağı düşsün”,- deyə, proqnoz verənlər də var.

Ancaq bir məqam da var ki, gəlirləri neftdən asılı ölkələrin mövcud vəziyyətə immuniteti hər birində müxtəlif səviyyədə olsa da, heç birində sonsuz deyil. Və dünya bazarlarında bu sahədə qiymətlərin bir “döşəmə” həddi var. Bundan əlavə, qlobal iqtisadiyyat vahid mexanizm şəklindədir və onun bütün elementləri bir-birinə elə sıx inteqrasiya olunmuş vəziyyətdədir ki, neftin uzun müddət ucuz səviyyədə qalması ABŞ-ın özündə belə, hasilatı “vuracaq”.

Bundan əlavə, 2014-2015-2016-cı illəri yada salmaq istərdim. Səudiyyə Ərəbistanı özü həmin illərdə neftin ucuzlaşmasından 100 milyardlarla dollar ehtiyat itirdi. Əks təqdirdə, Ər-Riyadı heç nə məcbur edə bilməzdi ki, OPEC+ ölkələri çərçivəsində hasilatı aşağı salmaq barədə razılığa gəlsin. Bu, əslində, sözügedən ölkənin müttəfiqi olan ABŞ-ın istəyinin əleyhinə idi və Vaşinqton da məhz buna görə onu sonradan heç də az tənqid etmədi. İndi Səudiyyə başda olmaqla demək olar, əksər hasilatçısı ölkələr ucuz neft təklif edirlər. Getdikcə isə belə çıxır ki, neftə heç yaxın duran olmayacaq. Çünki dünya iqtisadiyyatı sürətlə uçuruma doğru yuvarlanır. Qlobal iqtisadiyyatda tələb sürətlə üzüaşağı düşməkdədir. Turizm sahəsində indiyədək dünyada belə bir böhran müşahidə olunmayıb. Söhbət elə bir sahədən gedir ki, dünya üzrə gəliri 5,7 trilyon ABŞ dollarına çatır. Dünya əhalisinin nə az-nə çox, düz 10 faizi - 319 milyon nəfər bu sferada çalışır. O cümlədən, iri istehsal sahələri fəaliyyətinə ara verir.

Deməli, vəziyyət əslində, belədir: Hazırda neftin qiymətlərinin 40 ABŞ dollarından aşağı düşməsi faktından çox, turist axının azalacağı, paralel olaraq Çin və İran məhsullarının idxalının aşağı düşəcəyi və alış-verişinin də enəcəyi ilə əlaqədar olaraq, yaranan vəziyyət baxımından, ölkəmizin real iqtisadi durumu üçün təhdidlər mövcuddur. Bu, daxili bazarda istehlak qiymətlərinin real vəziyyətinə daha çox təsir göstərəcək. Neftin qiymətinin enməsi faktorunun ölkə iqtisadiyyatımıza 2015-2016-cı illərdəki qədər təsir etmək gücü isə əslində, yoxdur.

Yəni, gəlirlərimiz yenə də əsasən neftdən asılı olsa da, bu asılılıq 4-5 il bundan əvvəlki qədər deyil. Əvvəla, neftin dünya bazar qiymətlərinin birbaşa dövlət büdcəsinə heç bir təsir imkanı yoxdur. İkincisi də, neft faktorunun büdcəmizdə rolu 2015-2016-cı illərlə müqasiyədə nisbətən enmiş vəziyyətdədir. Başqa sözlə, qeyri-neft sektorunun gəlirləri artıb. Üçüncüsü isə, keçən ildən etibarən, ölkədə vergi siyasəti və mexanizmi dəyişib. Bunun nəticəsində neft-qaz sektorundan kənar dövlət büdcəsinə çatacaq vəsaitlərin toplanması və yığım həcmində əhəmiyyətli dərəcədə artım əldə olunub. Belə ki, 2019-cu il ərzində vergi və gömrük xidməti orqanları tərəfindən nəzərdə tutulduğundan əlavə olaraq, 1 milyard manatdan artıq vəsait cəlb olunub. Dövlət başçımız da qeyd edib ki, bu, sosial sahədə həyata keçirilən islahatlar, yəni artımlar üçün əlavə imkanlar yaradıb. Ona görə də, kölgə iqtisadiyyatına qarşı tədbirlər davam etdiriləcək.

İndiki vəziyyətdə daxili istehlak bazarında bahalaşma ola bilər. Və ilk dəfə olaraq, mövcud istehlak indeksi səviyyəsinin manatın ucuzlaşması, devalvasiya nəticəsində deyil, tələb və təklififin real nisbətinə əsasən yüksəlməsi mümkündür. Bu, neftin qiymətinin və manatın ucuzlaşmasına görə bahalaşmadan daha pisdir. Çünki birinci halda bərk ayaqda hökumət əhalinin maaş və pensiya artımlarına gedir. Bahalaşma sırf daxili bazarda tələləbin təklifi üstələməsi fonunda ortaya çıxsa isə hökumət buna getməyə risk etməyəcək - ən azı o səbəbdən ki, neftin qiyməti aşağıdır və bu üzdən dövlət gəlirlərimiz azalmış vəziyyətdədir.

Odur ki, neftin ucuzlaşmasından o qədər də narahat olmağa dəyməz. Uzaqbaşı, bunu hökumət kompensasiya edəcək. Təhlükə daxili istehlak bazarında yaranacaq vəziyyətlə bağlıdır. Axı uuz Çin və İran məhsulları çox şeyləri "ört-basdır" edirdi...


Pərviz Heydərov
Azvision.az üçün




Teqlər:





Xəbər lenti