“Koronavirusu yayanlar İslamdan çıxmış insanlardır” - QMİ sədri

 “Koronavirusu yayanlar İslamdan çıxmış insanlardır” -    QMİ sədri
  04 Aprel 2020    Oxunub:2650
Koronavirusla mübarizədə həkimlər daxil olmaqla, hansı insanlar zəhmət çəkirlərsə, elə bilirəm ki, dünyasını dəyişsələr də onlar şəhadət tapacaqlar.

Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, böyük savab işdir: "Xəstəliklə mübarizədə həkimlər mücahidlərdir. Səngərdə olan əsgərlərimiz kimi, onlar da "düşmənlə" döyüşürlər. Əgər hansısa insan qanuna riayət etmədən çölə çıxıb, kimlərisə yoluxdurarsa, onlar günaha düşər. İki cür insan var. Bilməyərəkdən insanları yoluxduranlar və bilərəkdən insanlara xəstəliyi yayanlar. Bilərəkdən çölə çıxıb, xəstəliyi yayanlar İslamdan çıxmış insanlardır".

A.Paşazadə bildirib ki, hökümət tərəfindən verilən tövsiyələrə əməl edilməlidir.

"TV və mətbuat işçilərinə minnətdaram ki, Azərbaycanda və dünyada baş verən hadisələr barədə bizə məlumat verirlər. Onlar da böyük fədakarlıq edirlər".

QMİ sədri karantin dövründə evdə olduğunu və ailəsi ilə birlikdə vaxt keçirdiyini qeyd edib.

"Ailəmlə birlikdə görə bilmədiyim işləri görürəm. Amma eyni zaman mərhəmətli olaq, unutmayaq ki, tənha insanlara, qocalara köməklik etmək lazımdır. Evdən çıxmadan bu köməkliyi göstərə bilərsiniz. Çox böyük bəladır. Belə bəlalar, xəstəliklər tarixən olub. Peyğəmbər dövründə də xəstəlik gəlib və xəstəlikdən 25 min insan ölüb. Birinci dünya müharibəsi, ikinci müharibə dövründə böyük xəstəliklər və ölənlər olub. Hamımız yaşayacağıq və tarix gələcək ki, biz deyəcəyik: koronavirusa qədər olan və sonrakı dövr".

Aytən Zəhra
Azvision.az


Teqlər: QMİ   Allahşükür-Paşazadə  





Xəbər lenti