Şahmatçılarımız bu il nə edəcəklər?

Şahmatçılarımız bu il nə edəcəklər?
  03 Yanvar 2014    Oxunub:1631
Orxan Sübhan

Şahmatçılarımız il ərzində müxtəlif beynəlxalq turnirdə ölkəmizin idman şərəfini qorudular. Ancaq azərbaycanlı şahmatsevərləri daha çox milli komandamızın dünya və Avropa çempionatlarındakı çıxışları maraqlandırırdı. Əgər müxtəlif turnirlərdə qazanılan qələbə şahmatçıların daha çox şəxsi aktivinə yazılırsa, komandalararası mötəbər yarışda əldə olunan uğur Azərbaycan şahmat məktəbinin ümumi potensialını və yığmamızın qələbə əzmini nümayiş etdirir.


Bu mənada 2013-cü il, bizim üçün uğurlu oldu. Milli komandamız tarixində 2-ci dəfə Avropa çempionu adına sahib çıxdı. Noyabr ayında Polşanın paytaxtı Varşavada təşkil olunan komandalararası Avropa çempionatında yığmamız 1-ci yeri tutdu. Hansı ki, azərbaycanlı zəka sahibləri yarışa əsas şahmatçılarımızdan sayılan Vüqar Həşimovsuz getmişdi. Səhhətindəki problemlərə görə müalicəsini Almaniyada davam etdirən qrossmeysterimiz bu dəfəki Avropa çempionatında bacarığını nümayiş etdirə bilmədi.

Bununla belə, millimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərlinin sayəsində qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldi. Yunanıstan, Polşa, Çexiya, Bolqarıstan və Gürcüstan yığmalarını məğlub edən şahmatçılarımız Fransa, Macarıstan, İsveç və Ermənistan milliləri ilə heç-heçə etdi. Keçirdiyi 9 görüşdə 14 xal toplayan yığmamız bütün rəqiblərini qabaqlayaraq baş mükafata layiq görüldü. Beləliklə də Azərbaycan komandası 2-ci dəfə Avropa çempionu adını qazandı. Xatırladaq ki, buna qədər 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilən qitə çempionatında da qızıl medal qazanmışdıq.

Düzdür, Avropa çempionatının ardınca bizi daha çətin sınaq, Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatı gözləyirdi. Lakin etiraf edək ki, önəmli turnirə bu dəfə zəif heyətlə yollandıq. Əgər komandamız Avropa çempionatına Vüqar Həşimovsuz getmişdisə, dünya çempionatında daha iki aparıcı şahmatçımız, millinin 2 reytinqli qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak etmədi.

Hər 2 qrossmeyster mövsüm ərzində bir çox turnirdə çıxış etdiyindən, kapitan Aleksandr Xalifman onlara istirahət verdi. Belə olan halda komandamızdan yüksək nəticə gözləmək də yersiz olardı. Lakin heyəti Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Məmmədov və Eltac Səfərlidən ibarət yığmamız ilk iki oyunda əsl ustalıq nümayiş etdirərək, bir – birinin ardınca Türkiyə və Hollandiya kollektivlərini məğlub etdilər.

Bu qələbələr hər kəsi xeyli ümidləndirdi və təmsilçilərimizin mükafatçılar sırasına düşməsinə inam yaratdı. Amma təəssüf ki, uğurlu oyunlar seriyasını sonadək davam etdirmək mümkün olmadı və komandamız Rusiya, Ukrayna, Amerika, Çin, Almaniya kimi təcrübəli rəqiblərə uduzmaqla vəziyyəti xeyli çətinləşdirdi. Bununla belə, növbəti oyunlarda ermənilərlə heç–heçə edən, Misir kollektivinə isə qalib gələn komandamız yekunda 7 xalla 8-ci yeri tutdu. Bununla belə, önəmli yarışda əldə olunan nəticəni gənc və perspektivli şahmatçılarımız üçün uğurlu hesab etmək olar.

İl ərzində şahmatçılarımızın qazandığı uğurlar sırasına qrossmeysterimiz Şəhriyar Məmmədyarovun Rusiyanın Xantı-Mantiysk şəhərində təşkil olunan blits və rapid növü üzrə dünya çempionatında qələbəsini də əlavə etmək olar. Həmvətənimiz şahmatın rapid növündə 5 partiyanın hər birində qələbə qazanmaqla aktivinə 11 xal yarım yazıb ki, bu da rəqiblər üçün əlçatmaz olub və Şəhriyar dünya çempionu adına layiq görülüb.

Ümumilikdə isə qeyd olunanlar azərbaycanlı zəka sahiblərinin növbəti mövsümdə də uğurla çıxış edəcəyinə inamı xeyli artırır. Nəzərə alsaq ki, 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə isə Ümumdünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək, o zaman komandamızın doğma arenada uğurlu çıxışının və parlaq qələbəsinin şahidi olmaq hər birimizin arzusudur.



Teqlər:





Xəbər lenti