“Dövlətin hər bir vətəndaşa xüsusi diqqəti var” - Vüqar Bayramov

 “Dövlətin hər bir vətəndaşa xüsusi diqqəti var” -  Vüqar Bayramov
  18 Aprel 2020    Oxunub:3751
Prezident İlham Əliyevin tapşırığına əsasən, məşğul olmayan vətəndaşların sosial təminatının gücləndirilməsi ilə bağlı bir sıra proqramların icrası və bəzi icra olunan proqramların genişləndirilməsi həyata keçirilir. Birdəfəlik ödəniş alan vətəndaşların sayında artım müşahidə olunur.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pandemiyanın vətəndaşlara təsirinin minimumlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

"Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir. Mövcud proqramların genişləndirilməsi, daha çox vətəndaşı əhatə etməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Pandemiya dövründə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşdırılan siyasətin əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir. Bu istiqamətdə DOST mərkəzləri vasitəsilə ödənişli ictimai iş yerlərinin yaradılması üçün 30 milyon manat vəsait ayrılacaq. Bu, 50 min vətəndaşımızın ödənişli sosial iş yerlərindən faydalanmasına imkan verəcək. Beləliklə, ödənişli ictimai işlərdə faydalanan vətəndaşların sayı 90 minə çatacaq".

Deputat, həmçinin bildirib ki, digər istiqamətlərdə, o cümlədən birdəfəlik sosial yardımların verilmə əhatəsi də genişləndirilir.

“Aprelin 14-də keçirilən müşavirədə Prezident İlham Əliyev pandemiyanın təsir etdiyi bütün vətəndaşların sosial təminatının gücləndirilməsi ilə bağlı göstərişlər verdi. Bu da daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan verəcək. İqtisadi paket məşğul əhalinin sosial təminatının gücləndirilməsinə xidmət etməkdədir. Bu istiqamətdə sahibkarlıq subyektləri, fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olur. Bundan əlavə, özünüməşğulluq proqramı, ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi həyata keçirilir".

V.Bayramov qeyd edib ki, bu proqramlar çərçivəsində daha çox vətəndaşımızın sosial təminatının gücləndirilməsi reallaşır.

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaşı 65-dən çox olan vətəndaşlara xidmət göstərən işçilərin əməkhaqları iki dəfəyədək artırıldı. Bu, həm vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacibdir, eyni zamanda, həmin sosial xidmətlərin həyata keçirən vətəndaşlarımıza dövlətin xüsusi qayğısıdır. Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqəti, onun sosial təminatının gücləndirilməsi ilə bağlı siyasi iradəsi var. Bu da pandemiya dövründə həmrəyliyin bir daha gücləndirilməsi mənasına gəlir. Məhz bu həmrəylik sayəsində koronavirusun təsir etdiyi vətəndaşlarının sosial təminatının gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüqar-Bayramov   Deputat  





Xəbər lenti