Faşist həmrəyliyi: Cinayətkar rejimin yeni “rəhbərini” təbrik edən avroparlamentari kimdir – DOSYE

  20 Aprel 2020    Oxunub : 6028
 Faşist həmrəyliyi: Cinayətkar rejimin yeni “rəhbərini” təbrik edən avroparlamentari kimdir – DOSYE
Dağlıq Qarabağdakı cinayətkar rejimin keçirdiyi qondarma “seçkiləri” demək olar ki, bütün beynəlxalq qurumlar pislədikləri halda, Avropa Parlamentinin (AP) deputatlarından biri bu şounun qalibini təbrik edib. Kimdir bunu edən? Və hansı məqsədlə hamıdan “fəqlənmək” istəyib?
Radikal sağçı baxışları ilə tanınan “Almaniya üçün Alternativ” (Alternative für Deutschland - AfD) partiyasının üzvü Lars Patrik Berq. O, işğal olunmuş Azərbaycan torpaqlarında keçirilmiş qondarma “prezident seçkilərinin qalibini” təbrik edən yeganə AP nümayəndəsi olub.

Onun cinayətkar rejim ilə çoxdan və sıx əlaqələri var. Lars Patrik Berq hələ 2017-ci ilin noyabr ayında Baden-Vürttemberq Landtaqının üzvü, 2019-cu ilin noyabr ayında isə AP-nin üzvü kimi işğal olunmuş Azərbaycan ərazilərinə səfər etmişdi. Bu səbəbdən, 2017-ci ildə onun adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilmişdi.

AP-də bir sıra komitələrin üzvü olan L.P.Berqin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində əvəzedici (substitute) üzv olması xüsusilə diqqəti cəlb edir. Eyni zamanda, o, Ermənistan və Gürcüstanla bağlı fəaliyyət göstərən komitələrdə də əvəzedici üzvdür.

2019-cu ilin noyabr ayında Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Berq Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” adlandırmışdı. Müsahibə zamanı “Qərbi Avropa Arsax bölgəsində mövcud olan münaqişənin həlli üçün sülh danışıqlarına kömək etməli və Türkiyədən gələn gərginliyə son qoymalıdır” kimi absurd fikirlər səsləndirməsi onun eyni zamanda, İslamofob olmasını da açıq şəkildə göstərirdi.



L.P.Berqin islamofob və anti-türk mövqe nümayiş etdirməsi heç də təsadüfi deyil. Belə ki, mətbuatda onun gənc yaşlarından etibarən islamofobiyanı və türk düşmənçiliyini təşviq edən müxtəlif zərərli dərnəklərdə fəal iştirak etdiyi barədə məlumatlar dərc olunur.

Mediada AP-dəki mühafizəkarlara münasibətdə səslənən “Müsəlmanlara nifrət edən nasistlər” (Muslim-hating Nazis) iddialarına cavab olaraq, L.P.Berq “Avropa Parlamentində mühafizəkar qrupların müsəlmanlara nifrət edən nasistlər olmadığı”nı bildirmişdi. Digər tərəfdən isə, 2017-ci ilin may ayında müsahibələrinin birində o, İslam ideologiyasının və təbliğatının demokratiya üçün kəskin bir təhdid olduğunu, dövlətin davamlı şəkildə bu təhlükəyə qarşı çıxmasının vacibliyini bildirmişdi (a defensive state must consistently counter this danger).

AP-nin deputatı olan L.P.Berqin nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njde ideyalarından ilhamlanan cinayətkar rejimə təbrik məktubu ünvanlamasını onun işğala, separatizmə, müharibə cinayətlərinə və etnik təmizləməyə bəraət qazandırması kimi də başa düşmək mümkündür.

Məlum olduğu kimi, neonasizm kimi radikal sağçı tendensiyalara meyilli olan, elə Almaniyanın öz mediası tərəfindən daim tənqid edilən AfD partiyası ölkəsində populist, irqçi, anti-semitist və islamafob qüvvə kimi tanınır. Onu tez-tez Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər. Təsadüfi deyil ki, partiyanın 2016-cı ildə “İslam Almaniyanın hissəsi deyil” sloqanı ilə keçirilən konqresində İslam simvollarının Almaniyada qadağan olunmasına çağırışlar edilmişdi.

Mediaya sızan bəzi məlumatlara görə, AfD xarici xüsusi xidmət orqanları tərəfindən yaradılıb. Bu səbəbdən, sağlam təfəkkürlü insanlar müxtəlif qüvvələr tərəfindən idarə edilən bu partiyanın siyasi xəttinə etiraz olaraq, vaxthaşırı aksiyalar təşkil edirlər.

Belə bir partiyanın nümayəndəsinin Qarabağdakı cinayətkar rejimin keçirdiyi “seçki”nin qalibinə məktub göndərməsi çox simvolikdir: Faktik olaraq, bir faşist digər faşisti təbrik edir.

Tofiq Vahid
Azvision.az

Teqlər: Patrik-Berq   Qarabağ   Seçki