Paşinyanın videosu İctimai TV-də kütləvi istefalara səbəb oldu

Paşinyanın videosu İctimai TV-də kütləvi istefalara səbəb oldu
  21 Aprel 2020    Oxunub:8086
Ermənistanın İctimai Televiziya kanalında baş nazir Nikol Paşinyanın qalmaqala səbəb olan videosundan sonra istefalar davam edir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, kanalın icraçı direktoru Marqarita Qriqoryan vəzifəsini tərk edib. Televiziyanın yayım işinə cavabdeh olan Vardan Hakobyan da kanaldan uzaqlaşdırılıb.
Bu gün Televiziya və Radio üzrə Milli Komissiyanın iclası planlaşdırılır. İclasdan sonra yeni kadrlarla bağlı qərarların veriləcəyi gözlənilir.

İctimai Televiziya və Radio şirkətinin İdarə Heyətinin sədri Ara Şirinyan, proqram direktoru Tereza Kərimyan, İctimaiyyətlə əlaqələr və xarici əlaqələr üzrə direktor Tiqran Danielyan, İnsan resursları departamentinin direktoru Nazeli Nikoqosyan, xəbərlər və analitik proqramlar direktoru Petros Kazaryan istefa ərizəsi yazıblar. İstefalara səbəb baş nazir Nikol Paşinyanın vətəndaşlara etdiyi müraciətlə bağlı xoşagəlməz videogörüntülərin yayılması olub.

Belə ki, onun koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri barədə xalqa birbaşa efirdə müraciətindən əvvəl lentə alınmış, texniki məşqdə çəkilən kadrlardan düzəldilmiş videosu yayılıb. Kadrlarda Paşinyanın öskürdüyü, bu zaman əli ilə ağzını tutmadığı, su şüşəsini başına çəkdiyi, dərman içdiyi görünür. Videonun “müəllif”ləri bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bildiriblər ki, kadrlar telekanaldan sızdırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti