Azercelldən “8103”-ə dəstək
SMS icazə sisteminin istifadəyə verildiyi ilk günlərin həm vətəndaşlar, həm də Elektron Hökumətin İnkişafı Mərkəzi üçün ən gərgin zaman olduğunu nəzərə alaraq, Azercell-in Telefon Mərkəzi xüsusi iş rejimində çalışıb. Azercell “ASAN xidmət”in müvafiq sisteminə (9108) dəstək göstərərək SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar daxil olan zəngləri və sualları operativ şəkildə cavablandırıb. Həmçinin xidmətdən istifadə zamanı yarana biləcək sualları öncədən cavablandırmaq məqsədilə Azercell şirkəti tərəfindən xüsusi informativ video təlimatlar hazırlanaraq, rəsmi Sosial Media hesablarında paylaşılıb.
Bundan əlavə, Azercell Elektron Hökumətin İnkişafı Mərkəzinə Mi-fi cihazları, limitsiz internet paketləri və limitsiz danışıq üçün xüsusi nömrələr hədiyyə etməklə, qurumu kəsintisiz rabitə xidmətləri ilə təmin edib.
Qeyd edək ki, qlobal pandemiya dövrü ərzində Azercell ölkədə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, eləcə də iqtisadi sabitliyin qorunması və əhalinin sosial rifahının yüksəldilməsi üçün hökümət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirib, müxtəlif sosial təşəbbüslərə imza atıb.
Teqlər: Azercell