ATƏT PA-nın videokonfrans formatında büro iclası keçirildi

  28 Aprel 2020    Oxunub : 2832
ATƏT PA-nın videokonfrans formatında büro iclası keçirildi
Aprelin 27-də ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilmiş onlayn Büro iclasında iştirak edib.
Azvision.az xəbər verir ki, Büro iclasında koronavirus (Covid19) pandemiyası şəraitində Parlament Assambleyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, komitə və alt-komitə sədrlərinin, xəzinədarın, eləcə də xüsusi nümayəndələrin hesabatları dinlənilib.

İclasda ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Respublikasının Baş Naziri və Xarici İşlər naziri Edi Rama, Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç məruzə ilə çıxış ediblər.

Müzakirələrdə Azay Quliyev çıxış edərək koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı fəsadların aradan qaldırılması, iqtisadi böhran, münaqişələr, irqçilik, qeyri-qanuni miqrasiya, qaçqın və məcburi köçkünlərin vəziyyəti kimi məsələlərin diqqətdə saxlanılmasının zərurililiyini vurğulayıb.

Natiq böhran vəziyyətindən çıxmaq üçün ATƏT-in Zirvə toplantısının - üzv ölkələrin dövlət və hökumət başçılarının Sammitinin keçirilməsini təklif edib. Azay Quliyev vurğulayıb ki, ATƏT ərazisində pandemiyanın ağır nəticələrini yalnız vahid strategiya, dövlət və hökumət başçılarının fəaliyyətinin effektiv koordinasiyası və birgə əməkdaşlığı nəticəsində aradan qaldırmaq mümkündür. ATƏT-in sonuncu Zirvə toplantısının 10 il əvvəl, 2010-cu ildə Astanada baş tutduğunu xatırladan deputatımız növbəti Sammitin keçirilməsinin vacibliyini qeyd edib.

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin fəaliyyəti ilə bağlı müzakirələrdə deputatımız Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilən qanunsuz “prezident və parlament seçkiləri”nə adekvat qiymət verdiyinə görə Büro üzvlərinə təşəkkür edib və bu kimi halların qarşısının alınması istiqamətində səyləri artırmağa çağırıb.

Tədbirdə Azay Quliyev pandemiya fonunda “Bioloji silahların yayılmamasına dair Konvensiyanın” tələblərinin yerinə yetirilməsi ilə bağlı monitorinqin aparılmasının vacibliyini vurğulayıb.

İclasda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq ədlə edilib.

Azvision.az

Teqlər: Azay-Quliyev