Gənclər Təşkilatlarının IV Milli Konqresi başa çatıb
Konqresin birinci günündə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ARGTMŞ-in sədri Məryəm Məcidova, o cümlədən beynəlxalq təşkilatların və biznes qurumların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirin ikinci günündə isə Milli Məclisin deputatları Şahin Seyidzadə, Müşfiq Cəfərov Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti, Dünya Skautlar Komitəsinin yeni üzvü İlyas İsmayıllı, “Youth Express Network” beynəlxalq təşkilatının sədri Ramiz Əliyev və ARGTMŞ-nin sədri Məryəm Məcidova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində görülən işlərdən, gənclər üçün həyata keçirilən ictimai maarifləndirmə layihələrindən və digər tədbirlərdən danışıblar. Azərbaycan dövlətinin atdığı addımların gənclər təşkilatları və gənclər tərəfindən dəstəkləndiyi vurğulanıb. Məhz bu tədbirlərin və həmrəyliyin nəticəsində ölkəmizin pandemiya ilə mübarizədə bir uğur hekayəsi yazmaqda olduğu bildirilib. Çıxışçılar gəncləri və gənclər təşkilatlarını dövlət tərəfindən görülən işlərə töhfə verməyə çağırıblar.
Konqresin ikinci günündə “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzularında panel müzakirələr olub. Eləcə də rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, onlayn platformalara inteqrasiya, qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclərimiz üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
İki gün davam edən konqresdə gənclər təşkilatları nümayəndələrinin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.
Xatırladaq ki, konqresin keçirilməsi təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında Prezident İlham Əliyev Gənclər Təşkilatlarının IV Respublika Sərgisini ziyarət etdiyi vaxt irəli sürülüb. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015-ci və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Azvision.az
Teqlər: Nazirlik