SOCAR-dan 20 min işçi çıxarılacaq - Ekspert

SOCAR-dan 20 min işçi çıxarılacaq - Ekspert
  07 Yanvar 2014    Oxunub:3638
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləri üçün 2014-cü il heç də asan keçməyəcək. Şirkət ötən ilin sonlarından ixtisarla başlayıb. ARDNŞ-in yaxın illərdə 20 mindən artıq işçisi ilə vidallaşması gözlənilir”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə, ixtisarların həm iqtisadi, həm də sosial tərəfləri var.
“Məslənin iqtisadi tərəfi eyni zamanda bu ixtisarların səbəbidir. Əvvəlla, iqtisadi baxımdan nə qədər təəccüblü görünsə də, şirkətdə ixtisarlara ehtiyac var və ARDNŞ bütün hallarda işçilərin sayını azaltmalıdır. Bunun izahatı sadədir sadədir: 66 min 200 işçiyə malik olan Dövlət Neft Şirkəti ildə 8.3 milyon ton xam neft və 6.9 milyard kub metr mavi qaz hasil edir. 3 min işçiyə malik olan BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan digər üzvlər ilə birlikdə ildə 35.1 milyon ton xam neft və 20.0 milyard kub metr mavi qaz çıxarır. Deməli, işçilərin sayı 20 dəfə az olan xarici şirkət ARDNŞ-ə nisbətən 4.2 dəfə çox neft, 2.9 dəfə çox mavi qaz hasil edir. Bu isə o deməkdir ki, ABƏŞ-də çalışan hər nəfər orta hesabla ildə 8.8 min ton neft, 5 milyon kub metr isə qaz istehsal edir. Adambaşına hesablanan bu göstəricilər ARDNŞ-də tamamilə fərqlidir: bizim şirkətdə hər bir nəfər orta hesabla 125 ton neft, 104.2 min kub metr mavi qaz istehsal edir”.

İqtisadçı qeyd edib ki, ABƏŞ-də çalışanların 85.0 faizi yerli işçilərdir. “Xaricilər heç də “kənar qüvvələr” deyil, “daxili potensialımız” hesabına bunu edir. Digər tərəfdən, ARDNŞ-in texnoloji baxımdan heç də xaricilərdən zəif “silahlanmadığını” nəzərə aldıqda problemin innovasiya ilə bağlı olmadığı da bəlli olur. Düzdür, Dövlət Neft Şirkətinin mavi qaz istehsal etdiyi bəzi quyular rentabelli deyil və həmin yataqlardan hasilat çox xərclidir. Hətta xarici şirkətlər də sözügedən quyularda hasilatda maraqlı deyillər. Amma bununla belə, bu heç də daha az istehsalın sözügeden çətinliklə əlaqəli olması anlamına gəlməməlidir. Belə olan halda isə, ARDNŞ-in şişmiş heyətinin kiçildilməsi olduqca vacibdir. Əks halda, Dövlət Neft Şirkəti uzun müddətli dövrdə nə müqayisəli nə də mütləq rentabellik əmsalına malik olması çətin olacaq.

İkincisi, ARDNŞ-in sosial hətta tikinti yönümlü iri treslər və ya şöbələr saxlaması iqtisadi baxımdan doğru olmamaqla yanaşı, həmçinin vəsaitlərin səmərəli xərclənməsi imkanlarını və o cümlədən şəffaflığı azaldır. Belə ki, Dövlət Neft Şirkəti nəinki məktəb, hətta birbaşa onun fəaliyyəti ilə bağlı olan hər hansı inşaat işini özü həyata keçirməməlidir. Bunun üçün ARDNŞ tender elan edərək daha yaxşı təklifə malik olan kənar şirkətə həmin sifarişi verməlidir. Bununla da, şirkət kifayət qədər böyük işçi heyətinə malik olan tres və ya şöbələri saxlamamaqla vəsaitə qənaət edərək daha uyğun və xeyli ucuz şərtlər ilə həmin işi sifariş verir.

Üçüncüsü, sifarişlərin kənar şirkətlərə tender əsasında verilməsi vəsaitlərin xərclənməsindəki şəffaflığı artıra bilər. Bunun üçün, bir sıra digər neft ölkələrində olduğu kimi Neft Şirkəti vətəndaş cəmiyyəti, mətbuat və akademik sferanın nümayəndəsinin də daxil olduğu xüsusi tender qiymətləndirmə komissiyası yaradır və seçimi də sözügedən qrup müəyyənləşdirir. Bu artıq, qərarlarda şəffaflığın təmin edilməsi baxımdan əhəmiyyətli addım olacaq.

Dördüncüsü, ARDNŞ-də çalışan işçilərin 21 600 nəfəri fəhlə kateqoriyasına daxil olmayan əməkdaşlardır. Yəni, Dövlət Neft Şirkətində fəhlə olmayanların sayı 20 mindən çoxdur. Bu isə neft hasilatının 73,0 faizini verən ABƏŞ-in bütün işçilərinin sayından 5 dəfə çoxdur. Deməli, ARDNŞ yalnız və daha çox fəhlələr ilə deyil, eləcə də “müdirlər” ilə də vidalaşmalıdır”-deyə ekspert fikirlərini izah edib.

V.Bayramlı hesab edir ki, ARDNŞ-də mütləq ixtisarlar həyata keçirilməlidir: “Deməli, neft şirkəti ixtisarlara hökumən getməlidir, təbii ki, öndə qeyd etdiyimiz kimi məsələnin sosial tərəfi də diqqətdən yayınmamalıdır. ARDNŞ-in kütləvi ixtisarları əmək bazarında işsizlərin sayını kəskin artıracaq. Düzdür, ixtisarlar şirkətə işini qoruyub saxlayan işçilərin əmək haqqlarını artırmaq imkani verəcək. Amma ixtisar olunan işçilərin əksəriyyətinin qısa zamanda işlə təmi olunacağı güman edilmir. Buna görə də, şirkət işdən azad etdiyi işçilər üçün xüsusi kompansasiya məbləğləri müəyyənləşdirməlidir. Eyni zamanda, qonşu Rusiyada olduğu kimi onların yeni işlə təmin olunması üçün pusluz ixtisas dəyişmə kursları təşkil etməlidir.

Beləliklə, uzun müddətdir nəinki tədqiqat institutlarının eləcə də audit şirkətlərinin tələbi və ya təklifi olan ARDNŞ-in “balacalaşdırılması” göründüyü kimi, bu heç də sadə islahat deyil: çünki iqtisadi əsaslandırmalar heç də həmişə öndə olmur”.

AzVision.az


Teqlər:  





Xəbər lenti