“Baba”

      “Baba”
  10 May 2020    Oxunub:36051
Bu yaxınlarda fikir vermişdim ki, Heydər Əliyevin haqqında danışanda hələ də çoxumuz fərqində olmadan, sadəcə “Baba” deyirik. Bunun əslində nə qədər vacib və dərin bir söz olduğunu heç düşünmədən...
90-cı illərdə, 2000-ci illərin əvvəllərində qəzet redaksiyalarında hər axşam mütləq bu sözlər eşidilirdi: “Babanın şəklini dəyiş!”, “Babanın başlığını ayrı şriftlə ver!..” O, hamı üçün sadəcə “Baba” idi. Münasibətindən asılı olmayaraq, hamı belə deyirdi. Mən yazılarında prezidentdən bəhs edərkən qəsdən “Heydər bəy” yazan müxalifətçi jurnalistlər tanıyırdım ki, şəxsi söhbətlərdə onlar da “Baba” deyirdilər. “Heydər bəy” – bu, onların işi, mənsub olduqları düşərgənin siyasətindən irəli gələn tələb idi, “Baba” isə şəxsi münasibətləri. Və heç bir siyasət, ideologiya onların içindəki “Baba” obrazını dəyişə bilməmişdi.

Bu gün Heydər Əliyevə münasibət artıq müzakirə mövzusu deyil – o, dövlətçiliyin simvolu, Azərbaycan xalqının Milli Lideri, hər kəsin şəksiz qəbul etdiyi Ulu Öndərdir, amma şəxsi söhbətlərdə çoxumuz yenə də sadəcə “Baba” deyirik. Ən maraqlısı da elə budur. Çünki Milli Lider və Ulu Öndər statusları həm də dövlət ideoloiyasının tərkib hissəsidirlər. Bu istilahlardan rəsmi çıxışlarda, nitqlərdə istifadə olunur. Amma heç bir ideologiya, təbliğat, KİV sadə xalqa heç vaxt deməyib ki, “Heydər Əliyev sizin babanızdır”. Belə şey ümumiyyətlə, heç vaxt olmayıb. Amma biz illərdir ki, rəsmiyyətdən, siyasətdən kənarda həmişə Ona “Baba” demişik, deyirik, deyəcəyik. Bax, bu hal çox sadə bir həqiqəti anlamağa kömək edir.

O Həqiqət isə budur: Hətta heç bir rəsmi təbliğat, ideoloji iş olmadan da Azərbaycanda hər bir insanın şəxsi həyatında, özünün bir “Baba” Heydər Əliyevi var. Bunu heç kim bizə qəbul etdirməyib, beynimizə yeritməyib. Bu, bizim Heydər Əliyevə öz fərdi dünyamızdakı münasibətimizin təzahürüdür ki, rəsmi çərçivələr götürülən kimi, dilimizə məhz o kəlmə gəlir. Çoxumuz bəlkə onun xidmətlərini, şəxsiyyətinin miqyasını heç tam olaraq dərk etmirik. Amma bunun önəmi yoxdur – O, Babadır, vəssalam - Bizlərdən biri, BİRlərdən biz olan.

“Baba” – bu söz qeyri-formal bir ideologiyadır sanki. Hər kəsin Heydər Əliyevə səmimi, rəsmiyyətdən kənar münasibətini ifadə edən sehirli kəlmə. O, əgər dövlətçiliyin koordinat sistemində Ulu Öndər, xalqın düşüncə sfrasında Milli Liderdirsə, məişət müstəvisində də “Baba”dır. Hər kəs üçün Baba olmağı bacaran qeyri-adi bir insan.

Siyasət elmində liderlər müxtəlif cür təsnifləndirilir, kateqoriyalara bölünür. Amma bir məsələyə toxunulmur: Onların çoxu sadəcə, cəmiyyətin siyasi həyatında mövcuddurlar. İnsanların şəxsi həyat sferalarına, məişətlərinə boylansaq, orada adətən, liderlər olmurlar. Amma Heydər Əliyev bunu bacarmışdı: Hər ailədə ondan danışılırdı, insanlar hətta şəxsi söhbətlərində də onu müzakirə edirdilər... Və bir halda ki, o, cəmiyyətin siyasətdən kənar həyatının da parçasına çevrilmişdi, demək, bu müstəvidə də ona bir status verilməli idi. Bu statusu xalqın özü seçdi və beləcə, o, Baba oldu – Müdrik, Böyük, Sayğılı, Sevimli...

Tarixin həmişə iki mərtəbəsi var; biz tarixi öyrənəndə oxuyuruq ki, filan dövrdə siyasət necə qurulmuşdu, hansı diplomatik danışıqlar gedirdi, müharibələr aparılırdı... Amma məsələn, 16-cı əsrdə Azərbaycanın hansısa kəndində yaşayan sadə bir insan bütün bunların haqqında nə düşünürdü, nə danışırdı – bunu biz bilmirik. Bu, tarixin alt qatıdır. Amma əslində həmin alt qat daha vacibdir – o, bünövrədir, möhkəm olmalıdır ki, üstündəki mərtəbələri saxlaya bilsin. Heydər Əliyevin xalqın ürəyindəki və dilindəki “Baba” statusu tarixin həmin o alt qatında gedən proseslərdə cəmiyyəti möhkəmləndirən, dövlətçilik üçün dayanıqlı bünövrə yaradan bir amil idi.

Ona görə də, Ulu Öndərin sadə xalqın ruhundakı və dilindəki “Baba” adı da əslində onun rəsmi ideoloji mənsəbi qədər önəmlidir. Bu ölkədə yaşayan bütün insanları rəsmi səviyyədə Onun yaratdığı Azərbaycançılıq ideologiyası birləşdirirsə, qeyri-rəsmi səviyyədə hamımız bilirik ki, “Bizim bir Babamız var”. Və bəlkə, kimsə Azərbaycançılıq ideologiyasını tam anlamaya da bilər. Amma “Bizim bir Babamız var” – bu, hamı üçün aydındır, sadədir, doğmadır.

Vüsal Məmmədov

Azvision.az


Teqlər: Heydər-Əliyev  





Xəbər lenti