Tramp daha bir məmuru işdən çıxarmaq istəyir

  16 May 2020    Oxunub : 3082
 Tramp daha bir məmuru işdən çıxarmaq istəyir
ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin baş müfəttişi Stiv Liniki vəzifəsindən azad etmək istəyi ilə bağlı konqresə məlumat verib.
Azvision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Tramp Linikə artıq güvənmədiyini və onun yerinə bütün tələblərə cavab verən bir şəxsin namizədliyini irəli sürəcəyini deyib.

Nəşrin məlumatına görə, qanunla icraedici hakimiyyət baş müfəttişi vəzifəsindən kənarlaşdırmağı planlaşdırırsa, 30 gün ərzində bu barədə konqresə məlumat verməlidir.

Trampın bu qərarı demokratlar arasında narazılığa səbəb olub. Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri Eliot Engel bildirib ki, Tramp bu yolla özünün ən etibarlı tərəfdaşı olan dövlət katibi Mayk Pompeonu məsuliyyətdən qorumağa çalışır. Onun fikrincə, baş müfəttişin ofisində dövlət katibi Pompeoya qarşı istintaq başlayıb.

Dövlət Departamentinin adı açıqlanmayan rəsmi nümayəndəsi isə bildirib ki, Stiven Akard baş müfəttişin vəzifəsini icra edəcək.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ