Tramp ÜST rəhbərinə 30 gün vaxt verdi

  19 May 2020    Oxunub : 2020
 Tramp ÜST rəhbərinə 30 gün vaxt verdi
ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreisusa məktub ünvanlayıb. Məktubda Tramp ÜST rəhbərini yaxın 30 gündə öz öhdəlikləri ilə bağlı əhəmiyyətli irəliləyişlər etmədiyi təqdirdə, təşkilata maliyyənin ayrılmasının dayandırılacağı və üzvlüyə yenidən baxılacağı barədə xəbərdar edib.
Azvision.az verir ki, Tramp məktubunda ÜST-ə inamı bərpa etməyin yeganə yolunun təşkilatın Çindən asılı olmadığını nümayiş etdirməkdə gördüyünü bəyan edib.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq bildirmək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı növbəti 30 gün ərzində əhəmiyyətli irəliləyişlər etməyəcəyi təqdirdə, ÜST-ün maliyyəsini daimi dondurmaq və bu təşkilata üzvlüyümüzü yenidən nəzərdən keçirmək barədə qərarımı verəcəyəm”, - deyə Tramp məktubunda yazıb.

O, əlavə edib ki, hazırkı vəziyyətdə ABŞ-ın maraqlarına uyğun gəlməyən bir təşkilatı amerikalı vergi ödəyicilərinin maliyyələşdirməsinə imkan verə bilməz.

Tramp məktubunda ÜST-in koronavirusla bağlı vaxtında qərarlar almamasını və Çinə münasibətini tənqid edib. Həmçinin, aprelin 14-də təşkilatın COVID-19-la bağlı uğursuz fəaliyyəti ilə əlaqədar araşdırma aparana qədər ABŞ-ın ÜST-dəki iştirakını müvəqqəti dayandırmaq qərarına gəldiyini xatırladıb.

Tramp hesab edir ki, ÜST-ə inamı bərpa etməyin yeganə yolu təşkilatın Çindən asılı olmadığını nümayiş etdirməsidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Tramp   Çin