Dövlət Agentliyi veb-konfrans təşkil etdi - FOTO
Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü təşəbbüsünün təsisçisi, “Linkedin” şirkətinin Əlçatanlıq üzrə mühəndislik departamentinin rəhbəri Jennison Asunsion bu günün formalaşma tarixi və fiziki imkanları məhdud şəxslər üçün əhəmiyyəti barədə məlumatları paylaşıb. O, eyni zamanda Azərbaycan Respublikasının bu cür təşəbbüsə qoşulmasını müsbət qiymətləndirib və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev əlillərlə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. O, eyni zamanda əlillərin sosial həyata uyğunlaşdırılması üçün İKT həllərinin tətbiqinin əhəmiyyəti barədə məlumat verib.
Sonra iştirakçılara və Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə “Vebdə əlçatanlıq mövzusunda” təqdimat edilib və “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” barədə məlumatlar paylaşılıb.
Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və funksionallıqlarının yaradılması zamanı müəyyəsərliklə bağlı tələblərin təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması ilə bağlı məlumatlar verilib.
Konfransda fiziki imkanları məhdud şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb.
Veb konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarına uyğun olaraq internet informasiya ehtiyatlarında əlilliyi olan şəxslər üçün müyəssərliyə dair tələblərin formalaşdırılması tapşırığı çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü hər il may ayının üçüncü cümə axşamı qeyd olunur. Bu əlamətdar gün ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyd olunub.
Azvision.az
Teqlər: ASAN-Xidmət