Qırğızıstanla Tacikistan sərhədində yenə atışma olub
Bildirilib ki, Qırğızıstanın Batken vilayətinin Monok rayonunda qırğız sərhəd gözətçiləri “Vorux” tacik anklavının sakinlərinin ölkə ərazisində mal-qara otarmaq cəhdinin qarşısnı alıblar. Bundan sonra Tacikistan tərəfindən naməlum şəxslər qırğız sərhədçilərə atəş açmağa başlayıblar. Təxminən yerli vaxtla saat 11:40-da Qırğızıstan və Tacikistan sərhədçiləri arasında qısa müddətli atışma baş verib.
Məlumata görə, qırğız sərhədçiləri arasında ölən və ya yaralanan olmayıb. Hazırda dövlət sərhədində vəziyyət nisbətən sabitdir.
Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində vaxtaşırı yerli əhali və iki ölkənin sərhədçiləri arasında münaqişə yaşanır. Buna səbəb 980 km sərhədin 450 km-nin delimitasiya və demarkasiyası məsələsində razılığa gəlinməməsidir. Sonuncu dəfə sərhəd qarşıdurması mayın 8-də olub. Atışma nəticəsində Qırğızıstanın 3 hərbçisi yaralanıb, Tacikistan tərəfində iki nəfər xəsarət alıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Qırğızıstan Tacikistan