Ermənistan Futbol Federasiyasının keçmiş rəhbəri axtarışa verildi

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbəri axtarışa verildi
  27 May 2020    Oxunub:3833
Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti, iş adamı Ruben Ayrapetyan axtarışa verilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan bildirib.

Vəkil deyib ki, Ayrapetyan mart ayından xaricdədir və müalicə kursu keçir.

Onun sözlərinə görə, baxmayaraq ki, Ayrapetyanın harada olduğu dəqiq məlumdur, Ermənistan İstintaq Komitəsi mayın 26-da onun axtarışa verilməsi barədə qərar qəbul edib.

Bundan əlavə, iş adamının Ermənistana qayıtması üçün bəzi keçilməz əngəllər mövcuddur, bu barədə də müstəntiqə lazımi məlumat verilib.

"Əlbəttə, onlar həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə ərizə təqdim etməyi də unutmayıblar. Qanun, pandemiya, karantin - yox, eşitməyiblər”, - vəkil əlavə edib.

Futbol Federasiyasının keçmiş prezidentinə ilk bildiriş mayın 16-da göndərilib. O, 18 mayda dindirilməli idi. Daha sonra mayın 19-da ikinci bildiriş ünvanlanıb. Bu sənədə əsasən Ayrapetyanın təqsirləndirilən şəxs qismində mayın 20-də dindirilməsi lazım idi.

Ermənistanın İstintaq Komitəsi mayın 21-də Ayrapetyana cinayət işi açıb. O və oğlu özbaşınalıqda, qəsdən və qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Xatırladaq ki, bu il fevralın 4-də Ayrapetyan İrəvanda polisə aparılıb və qanunsuz silah saxlamaq şübhəsi ilə sorğu-sual edilib, lakin bir neçə saatdan sonra sərbəst buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti