Azərbaycan Almaniya iqtisadi əlaqələri müzakirə olundu

Azərbaycan Almaniya iqtisadi əlaqələri müzakirə olundu
  11 Yanvar 2014    Oxunub:4749
Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr müzakirə olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempellə görüşüb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Konfederasiyadan verilən məlumata görə, Azərbaycanda 500 minədək sahibkarın fəaliyyət göstərdiyini deyən M.Musayev ASK-nın fəaliyyətindən, həmçinin üzərinə düşən məsuliyyətdən söhbət açıb. O bildirib ki, 70-dək assosiasiya ASK-nın üzvüdür, konfederasiya sahibkarların hüquqlarını müdafiə edən təşkilatdır.

Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrə toxunan M.Musayev ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açıb. ASK-nın prezidenti bildirib ki, Azərbaycanla Almaniya uzun illər fəal əməkdaşlıq edir, hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin gücləndirilməsi vacib məsələlərdən biridir. O, ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən alman mənşəli iş adamlarına ASK tərəfdən hər zaman lazımi köməklik göstəriləcəyinə söz verib. ASK-nın prezidenti onu da qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Əgər Almaniya şirkətləri real layihələrlə müraciət edərsə, yerli bazarda onlar da rəqabətə davam gətirə bilərlər. Son illər Almaniya şirkətlərinin Azərbaycanda fəallığının azaldığını təəssüflə qeyd edən M.Musayev onları fəal əməkdaşlığa dəvət edib.

M.Musayev yaxın günlərdə Almaniyada keçiriləcək "Yaşıl həftə" sərgisində Azərbaycan nümayəndə heyəti ilə birgə iştirak edəcəyini də qonaqların diqqətinə çatdırıb. O deyib ki, gələcəkdə Bakı-Berlin aviareysinin açılması iş adamları üçün sərfəli olar.
Görüş zamanı Azərbaycandakı diplomatik fəaliyyətindən şərəf duyduğunu dilə gətirən Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri H.Tempel Almaniya və Azərbaycan iqtisadiyyatı arasında körpü yaratmaq niyyətində olduğunu qeyd edib. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti müddətində iki ölkə arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dilə gətirib.

Görüşdə qeyri-neft sektorunda, həmçinin digər sahələrdə sərmayə qoyuluşu və əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə peşə təhsili sahəsində birgə iş görmək imkanı olduğu da istisna edilməyib.


Teqlər:





Xəbər lenti