Bizə oxşayan cinlər – ARAŞDIRMA

Bizə oxşayan cinlər – ARAŞDIRMA
  13 Yanvar 2014    Oxunub:11711
Son vaxtlarda ölkədə ən populyar mövzulardan biri cinlərdir. Cingirənlər, cinçıxardanlar, cintutanlar, cinburaxanlar telekanalları doldurub. Bir tərəfdən baxanda, çağdaş elm və texnika dövründə cinə inanmaq gülüncdür. Ancaq digər tərəfdən yanaşanda, cinlərin varlığı Quranla təsdiqləndiyi üçün, müsəlman olan kəs buna inanmaq zorundadır. Azərbaycan isə əsasən müsəlman ölkəsidir.

Yaxşı, bəs müsəlmanlar inanmaq zorunda olduqları cinlər haqqında nə bilirlər? Axı nəyəsə inanmaq azdır, gərək onun barəsində müəyyən informasiyan da olsun. Buna görə də, biz Quranda cinlər haqqında olan informasiyaları bir yerə toplayıb, təhlil elədik ki, onların necə bir varlıq olduğunu anlayaq.

Beləliklə, Qurana görə cinlərin əsas xüsusiyyətləri bunlardır:

1. Cinləri yandırmaq olur, deməli...

“Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq” (7/79).

Buradan hansı nəticə çıxır? O çıxır ki, cinlər ruhi (qeyri-maddi) deyil, maddi varlıqlardır. Yəni materiyadan ibarətdirlər. Çünki yanmaq – oksigenlə reaksiyaya girmək deməkdir, oksigenlə reaksiyaya isə ancaq maddə girə bilər. Bu, artıq çox ciddi məntiqi nəticədir.

2. Cinlər eşidə bilir

“(Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): “Qulaq asın!” – dedilər...” (46:29)

“...Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: “Biz çox qəribə bir Quran eşitdik”. (72:1)

Eşitmək – səs dalğalarının hava titrəyişləri vasitəsi ilə qulaq pərdəsinə təsir etməsi nəticəsində mümkün olur. Demək, hava cinlərin də qulaq pərdəsini titrədir. Buradan isə yenə də belə nəticə çıxır ki, cinlər maddi varlıqlardır. Hətta maddə (hava) onlara toxuna və tutrədə də bilir. Bundan başqa, məlum olur ki, cinlərin maddi bədənləri var. Çünki qeyri-maddi bədən olsaydı, hava qulaq pərdəsinə təsir etməz, ondan “keçib gedərdi”.

3. Cinlərin ayaqları var və onlar addımlayaraq gəzirlər

“Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb gedirdilər” (27:17).

Yəni cinlər hərbi marş qaydasında addımlayırmışlar, demək, insan kimi ayaqları var. Bu ayədən başqa məntiqi nəticələr də çıxır. Məlum olur ki, cinlər də insan kimi səfərbərliyə alınır, orduya qoşulur və döyüşürlər. Bəlkə hələ əsgərliyə də çağırılırlar...

4. Cinlər də insan kimi işləyir

Cinlərin bir qismi Rəbbinin izni ilə onun (Süleymanın)yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq (34:12).

Bir tərəfdən bu, tipik qul əməyinin təsviridir. Quldar iqtisadiyyatın mövcud olduğu cəmiyyətdə meydana çıxan bir kitbda belə sözlərin yazılması normal və təbiidir. Amma digər tərəfdən, məlum olur ki, cinlər də eynən insanlar kimi işləyirlər. Yəni cin iqtisadiyyattı haqqında danışmaq olar.

5.Cinlər qeybi bilmirlər

“...Cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar” (34:14).

Demək, bizim bilmədikərimizi (qeybi) cinlər də bilmirlər. Elə isə cindalara və cinlərə inanan müsəlmanlar bir də yaxşı-yaxşı düşünsünlər. Bilmədiyi şeyi cindən niyə soruşursunuz ki?

6. Cinlər ağac qurdu ilə danışırlar

“Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (34:14)

Burada başqa maraqlı tərəf də var. Məlum olur ki, təkcə cinlər yox, ağac qurdu da danışa bilir.

7. Cinlər insanları yoldan çıxara bilir

“(Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız” (6:128).

“Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!” (41:29)


Maraqlıdır, onlar bunu – yəni insanı yoldan çıxarmağı necə edirlər? Axı cinlər insanlarla danışmırlar. Düzdür, cinlərlə danışdığını iddia edənlər var, amma razlaşın ki, normal halda cinlərlə dialoqumuz olmur; onlar Facebook-a, Skype və Whats App-a da girmirlər. Bəs bu halda onların əlində bizi yoldan çıxarmaq üçün hansı vasitələr qalır? Doğrudanmı, şüurumuza və ya altşüurumuza nüfuz etmək üçün cinlərin hansısa gizli mexanizmləri var?

8. Cinlər tüstüsüz oddan yaranıb

“(Cinlərin əcdadı) Cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi. (55:15)”

Tüstüsüz odun nə olduğu haqda ilahiyyatçılar əsrlərdir mübahisə edir. Bəziləri hətta bunun nüvə reaksiyasına işarə olması kimi anormal versiyalar da irəli sürürlər. Bu mübahisəni buraxaq onlara. Maraqlısı odur ki, od – materiyadır. Materiyadan yaranan isə materiya da olacaq. Demək, yenə də bu nəticəyə gəlirik ki, cinlər ruhi varlıq deyillər.

9. Cinlər göyə qalxa bilmir

“Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın”. (55:33)

Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük (72:8).


Amma biz nəyə görəsə elə təsəvvür edirdik ki, cinlər uça bilirlər. Bundan sonra bilməliyik ki, onlar da bizim kimi ayaqla gedirlər.

10. Cinlər də basabas yaradır və bir-birini minir

“Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər)”. (72:19)

Deməli, cinlər də məkanda yer tuturlar.

11. Cin psixologiyası bizimkinə oxşayır

“Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər)”. (72:6)

Təkəbbür sırf insan psixologiyasına xas olan bir emosiyadır. Demək, cinlərdə təkəbbür varsa, insan və cin psixologiyaları bir-birinə identikdir.

12. Cinlərin arasında ifritlər olur

“Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (27:39)

Söhbət Süleymanın arvadı Bilqeyisin taxtını gətirməkdən gedir. Ayədən çıxan nəticələr: Demək, cinlər maddi əşyaları tuta, daşıya bilirlər. Həmçinin cinlərin də arasında güclüsü-zəifi, yekəsi-xırdası var.

Beləliklə, Quranda cinlərin haqqında verilən informasiyaları ümumiləşdirəndə belə bir nəticə alınır: Cinlər maddi varlıqlardırlar, bədənləri var, insan kimi eşidirlər, gəzirlər, uça bilmirlər, maddi əşyalara toxuna və fiziki təsir edə bilirlər, psixologiyaları insanınkına identikdir, insan şüuruna təsir göstərməyi bacarırlar.

Gətirilən ayələrdən həm də belə anlaşılır ki, cinlər başqa bir ölçüdə, məkanda deyil, bizimlə eyni yerdə, iç-içə yaşayırlar.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti