Bu il Avrozonanı nə gözləyir?

Bu il Avrozonanı nə gözləyir?
  14 Yanvar 2014    Oxunub:1257
AzVision.az xəbər verir ki, Avrozonada deflyasiya təhlükəsi əvvəlki kimi inflyasiya təhdidindən daha yüksəkdir. Bunun nə dərəcədə böyük olduğu yanvarın 16-da qismən aydınlaşacaq. Həmin gün “Eurostat” dekabrdakı inflyasiya ilə bağlı dəqiq məlumatları və müxtəlif ölkələrin göstəricilərini dərc edəcək. Hələlik Kipr deflyasiyanın əsl məngənəsinə düşmüşdür. Yunanıstanda qiymət indeksi altıillik ressesiyadan sonra 2013-cü ilin oktyabrında 2 faiz, noyabrda isə ölkənin yeni tarixində rekord həddə - 2,9 faiz azalıb. Borc böhranının digər mənbəyi olan İspaniya əvvəlki kimi deflyasiya həddində qalır. Oktyabrda burada qiymətlər dörd il ərzində ilk dəfə enmişdir, lakin noyabrda artım yenidən təkrarlanaraq 0,2 faiz təşkil edib.

Federal Statistika İdarəsindən bildirmişlər ki, 2013-cü ilin yekunlarına görə, Almaniyada inflyasiya 1,5 faiz təşkil etmişdir. 2010-cu ildən bəri bu qədər aşağı temp müşahidə olunmamışdır. Məsələn, 2012-ci ildə qiymət artımı 2 faizə çatmışdır. Bundan sonra inflyasiyanın tempi sürətlə azalmış, 2013-cü ilin oktyabrında 0,7 faizə düşmüşdür. Bu, dörd il ərzində, yəni dünyanı bürüyən maliyyə-iqtisadi böhranından bəri minimal qiymət olmuşdur. Avrovalyutanın fəaliyyət zonasındakı deflyasiya meyillərindən narahat olan Avropa Mərkəzi Bankı bu qədər kəskin tormozlanmanın təsiri altında noyabrda faiz dərəcəsinin baza hissəsini dərhal rekord dərəcədə aşağı səviyyəyə - 0,25 faizə endirib.

Beləliklə, Avropa Valyuta İttifaqı ölkələri 2014-cü ilə qeyri-adi dərəcədə aşağı inflyasiya şərtləri ilə daxil olmuşdur. Avropa İttifaqının Lüksemburqdakı statistika idarəsindən -“Eurostat”dan bildirmişlər ki, avrozonada qiymət artımı, ilkin qiymətləndirməyə uyğun olaraq, 2013-cü ilin dekabrında illik 0,8 faiz təşkil etmişdir. 2012-ci ilin dekabrı ilə müqayisədə bu göstərici 2,2 faiz səviyyəsində olub.


Teqlər:  





Xəbər lenti