Naxçıvanda avtomobil istehsalı artır

Naxçıvanda avtomobil istehsalı artır
  17 Yanvar 2014    Oxunub:6686
Naxçıvan Avtomobil Zavodunun (NAZ) 2 min 472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıq quraşdırılıb. Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlığı var.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, istehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə yeni model avtomobillər istehsal olunur.

Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvarından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin, müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub.

Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılmışdır. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdan ibarətdir.

Bu istiqamətdə işlər uğurla davam etdirilib, ötən ilin oktyabr ayında “NAZ-Lifan 620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. Hazırda istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb. Bu modellərin cari ilin may ayında Bakıda keçiriləcək VIII Beynəlxalq avtomobil sərgisində təqdimatı nəzərdə tutulub.

Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 5 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.

İstehsal olunan avtomobillər nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavodun fəaliyyətə başladığı ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində də işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşəcəkdir ki, bu da daşınma xərcinin azalması deməkdir.

İstehsal olunan avtomobillərin milliləşdirilməsi də planlaşdırılıb. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulub.

Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır, Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları açılıb. Yaxın vaxtlarda isə Xaçmaz rayonunda satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Bu, həmin bölgədə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Bakı şəhərinə aparmadan yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.

Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.

Avtomobillərin dəyəri 8400-16000 manat arasında dəyişir. Ötən 4 il müddətində 2085 ədəd “NAZ-Lifan” markalı minik avtomobili istehsal olunub, bunlardan 1903 ədədi satıl. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Yerli istehsala önəm verilərək, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır.

Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.


Teqlər:  





Xəbər lenti