Avropa koronavirusdan xilas ola bilmir

  10 İyul 2020    Oxunub : 10081
 Avropa koronavirusdan xilas ola bilmir
Bir sıra regionlarda vəziyyətin yaxşılaşmasına baxmayaraq, koronavirus Avropa qitəsini tərk etmək istəmir.
Azvision.az "Euronews"a istinadən xəbər verir ki, pandemiyadan zərər çəkən İtaliyada koronavirusun yayılma təhlükəsi ilə əlaqədar hakimiyyət 13 ölkədən olan vətəndaşların respublikaya girişini müvəqqəti qadağan edib.

Onların arasında Ermənistan, Bəhreyn, Braziliya, Bosniya və Herseqovina da var. Son iki həftədə bu ölkələrdə olan italyanlar 14 gün təcrid olunacaqlar.

İtaliya ilə yanaşı Rumıniya da yeni koronavirus infeksiyası hallarının artmasından narahatdır. Bu ölkədə bir gün ərzində 600-dən çox insanda infeksiya aşkar edilib. Hakimiyyət vətəndaşları sosial məsafə və gigiyena qaydalarına ciddi əməl etməyə çağırıb.

Səhiyyə Nazirliyi Rumıniyada "epidemiyanın ikinci zirvəsinin" yaşadığını açıqlayıb. Ancaq hələlik fövqəladə vəziyyətə qayıtmaq barədə rəsmi qərar yoxdur. Bununla bağlı müzakirələr aparılır.

İspaniyanın Balear adalarının hökuməti muxtar icma daxilində qoruyucu tibbi maskalardan istifadəni məcbur edib. Qərar gələn həftəsonu qüvvəyə minəcək. Hazırda adalarda doqquz kiçik infeksiya ocağı qeydə alınıb. Səhiyyə xidmətləri onların hamısının nəzarət altında olduğunu bəyan edib.

Fransa və Yunanıstanda isə səlahiyyətlilər bəyan ediblər ki, insanlar çox vaxt sanitariya təhlükəsizliyi qaydalarına laqeyd yanaşırlar. Yunanıstanın bir sıra ölkələrlə uçuşları bərpa etməsi, qonşu ölkələr də daxil olmaqla, koronavirusun idxalı hallarını artırıb. Bu səbəbdən rəsmi Afina bazar ertəsi yeni məhdudlaşdırıcı tədbirlər elan edə biləcəyini bəyan edib.

Avropanın digər ölkələrində də vəziyyət ürəkaçan deyil. Son günlər yoluxma və ölüm hallarının artması bir çox dövlətləri karantin məhdudiyyətlərini yenidən sərtləşdirməyə vadar edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: FransavəYunanıstan