ARDNŞ sərbəstləşən işçilərini işə düzəldir

ARDNŞ sərbəstləşən işçilərini işə düzəldir
  18 Yanvar 2014    Oxunub:1434
ARDNŞ-nin sərbəstləşən işçilərinin məşğulluğunun təmin olunmasına dair proqram təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 2014-cü il yanvarın 17-də Şirkətin bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması üçün tədbirlərin görülməsi barədə əmr imzalayıb.

ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əmrdə bildirilir ki, Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq məqsədi ilə ARDNŞ tərəfindən həyata keçirilən ardıcıl islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, həm də az səmərəli və effekt verməyən biznes proseslərinin aradan qaldırılması zərurəti yaradır.

Bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyənləşdirilən həmin proseslərin təkmilləşdirilməsi, bir qayda olaraq, idarəetmə strukturunda müəyyən dəyişikliklərin aparılmasını şərtləndirir.

Bu dəyişikliklər isə öz növbəsində bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olur.

Əmrdə daha sonra bildirilir ki, ARDNŞ daim işçilərinin həyat səviyyəsinin yüksəldilməsini, sosial dayanıqlığının təmin olunmasını diqqət mərkəzində saxlayır. İnsan resurslarının idarə edilməsində yeni standartların yaradılması, bu standartlar vasitəsilə sərbəstləşən işçilərin Şirkət sistemində iş yerləri ilə təmin olunması, onlara müxtəlif proqramlar üzrə müavinətlərin ödənilməsi kimi tədbirlər bu istiqamətdə atılmış real addımlardandır. Qeyd olunur ki, müvafiq situasiyalarda müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə ARDNŞ-nin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq Əmr-Qərarları qəbul edilmişdir və bununla da indiyə qədər sərbəstləşmiş çox sayda işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət ödənilməsi həyata keçirilmişdir. Həmin proqramdan hal-hazırda da xeyli işçinin yararlandığı bildirilir və ARDNŞ-nin sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması istiqamətində tədbirlərinin davamlı olacağı bir daha vurğulanır.

17 yanvar 2014-cü il tarixli əmrlə "ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram" təsdiq edilib.

Əmrdə sərbəstləşən işçilərin Proqrama qoşulmaq üçün müraciət etmə müddəti, Proqramın qüvvədə olma müddəti müəyyən olunmuşdur. Proqramın icrasının həyata keçirilməsi məqsədi ilə ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucovun sərdliyi ilə daimi fəaliyyət göstərəcək Komissiya yaradılmışdır. Komissiyaya Proqrama qoşulmuş sərbəstləşən işçilərin ARDNŞ-nin strukturuna daxil olan müəssisələrdə yerləşdirilməsi, bu mümkün olmadıqda isə icraçı qurumla birlikdə onların kənar təşkilatlarda, Şirkətin podratçıları, subpodratçıları, eləcə də ARDNŞ ilə müqavilə münasibətlərində olan digər təşkilatlarda yerləşdirilməsi üçün qanunvericiliyə və müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılmışdır. Əmrdə həmçinin Komissiyanın vəsatəti əsasında Proqram iştirakçılarının ixtisasının artırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar da verilmişdir.
17 yanvar tarixli əmrlə təsdiq edilən və həmin əmrə əlavə olunan "ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram"da göstərilir ki, bu Proqramın iştirakçısı olan sərbəstləşmiş işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilməsi və onların ARDNŞ-nin digər müəssisələrində və ya kənar təşkilatlarda yerləşdirilməsi təmin olunacaqdır.

Bunun üçün sərbəstləşmiş işçilər müəyyən edilmiş müddət ərzində sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməklə proqrama qoşula bilərlər. Sərbəstləşən işçinin ARDNŞ-nin daxili normativ sənədlərinə uyğun olaraq müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ da saxlanılır. Beləliklə, sərbəstləşən işçiyə seçim imkanı yaradılır: o, orta aylıq əmək haqqının 5 mislinin alınması ilə bağlı müvafiq qaydada müraciət etməkdə, yaxud da bundan imtina edərək ARDNŞ-nin həyata keçirdiyi yeni Proqrama qoşulmaqda sərbəstlik əldə edir.

"ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram"ın daha bir üstün cəhəti bundan ibarətdir ki, sərbəstləşən işçinin sosial təminatı ən azı bir il müddətində təmin olunur, bu müddət ərzində ixtisasartırmaya ehtiyacı olan işçilər üçün müəyyən kurslar təşkil edilir ki, bu da onlar üçün daha əlverişli yeni iş yerlərinin tapılmasına köməklik göstərəcəkdir. Proqram çərçivəsində müvafiq dövlət orqanları, işə düzəltmə agentlikləri və digər təşkilatlarla əlaqələr qurulacaq, sərbəstləşən işçilərin yeni iş yerləri ilə təmin olunması üçün zəruri tədbirlər görüləcəkdir.


Teqlər:  





Xəbər lenti