Bakıətrafı qəsəbələrin qazlaşdırılması başa çatacaq

Bakıətrafı qəsəbələrin qazlaşdırılması başa çatacaq
  18 Yanvar 2014    Oxunub:1466
Bakıətrafı qəsəbələrin qazlaşdırılması 2016-cı ilin sonunadək tam başa çatacaq.
Bakıətrafı qəsəbələrin tam qazlaşdırılması üzrə işlərin başa çatdırılması 2014-2016-cı illərdə paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilib. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın mətnində deyilir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər arasında Bakı və onun qəsəbələrinin elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenilərinin yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və yaradılması, yol təsərrüfatı və nəqliyyat infrastrukturunun inkişafı, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi və digər tədbirlər üzrə işlərin davam etdirilməsi var.

Dövlət Proqramı çərçivəsində, həmçinin sosial, idman və tibb müəssisələrinin tikintisi və əsaslı təmiri, o cümlədən onların maddi-texniki bazasının və kadr təminatının yaxşılaşdırılması üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.

2014-2016-cı illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri də ekoloji vəziyyətin yaxşılaşdırılması olacaq. Məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlər davam etdiriləcək, abadlıq və yaşıllaşdırma işləri genişləndiriləcək.

Bakı və onun qəsəbələrinin inkişafına həsr edilmiş sayca üçüncü Dövlət Proqramında maliyyələşdirmə mənbələrinin siyahısı genişlənir. Belə ki, Azərbaycan dövlət büdcəsinin, Sahibkarlığa Kömək Milli Fondunun və digər mənbələrin vəsaitlərindən başqa, Dövlət Proqramı çərçivəsində tədbir və layihələrin maliyyələşdirilməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri hesabına da həyata keçiriləcək.


Teqlər:  





Xəbər lenti