Şahin Mustafayev Salyanda vətəndaşları qəbul etdi

Şahin Mustafayev Salyanda vətəndaşları qəbul etdi
  19 Yanvar 2014    Oxunub:1514
İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul etdi.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Ötən il iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə 15 vətəndaş qəbulu keçirilib və bu görüşlərdə 800-ə yaxın vətəndaşın müraciətləri dinlənilərək müvafiq tədbirlər görülüb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2014-cü ildə isə iqtisadiyyat və sənaye nazirinin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 18-də Salyanda təşkil edildi.

Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 50-yə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, məktəblərin istilik təminatı, sosial və s. məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildiriblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənildikdən sonra Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Lakin bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istixanaların yaradılması, ət kəsimi və emalı müəssisəsinin təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilərək, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb və müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün Salyanda keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bundan əlavə, vətəndaşların qəbula dair müraciətləri nazirliyin saytında və “Facebook” səhifəsində xüsusi olaraq yaradılan “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi vasitəsilə də qeydiyyata alınıb.


Teqlər:





Xəbər lenti