Baş infeksionist: “Sərt karantin rejimi müsbət nəticələr verir”

 Baş infeksionist:  “Sərt karantin rejimi müsbət nəticələr verir”
  18 İyul 2020    Oxunub:22567
Ölkəmizdə koronavirusla bağlı vəziyyət son iki gündə arzuediləndir. Yəni yoluxanların sayı azalır, sağalanlar isə artır. Çalışırıq ki, yoluxma sayı daha da azalsın. Sağalanların artması xəstələrin sayının azalmasına səbəb olur ki, bu da xəstəxanaların üzərinə düşən yükün azalmasına təsir göstərir. Bu, gözəl nəticədir.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, karantin tədbirlərinin davam etdirilməsi öz müsbət nəticəsini göstərir.

"Daha iki həftəlik sərtləşdirilmiş karantin rejimi ilə xəstə sayının azalması, sağalan insanların daha çox olması gələcəkdə ciddi yumşaldılma tədbirlərinə gedilməsinə imkan verəcək. Lakin insanların yürüşə çıxması bir qədər yaxşı proqnoz verməyimizə mane olur. Yürüşə minlərlə insan çıxmışdı və heç bir rejim qaydaları gözlənilmirdi, nə maska taxan var idi, nə məsafə gözləyən. Orada insanların yoluxma ehtimalı yüksək idi. Qorxuram ki, onların arasında yoluxmuş insan olub. Bu da xəstələyin yayılmasına səbəb olar. Hazırda vəziyyət nəzarət altındadır. Bu günə qədər görülən tədbirlər öz nəticəsini verir".

C.İsayev bildirib ki, Lənkəran və Samuxda sanitar-epidemioloji vəziyyət qəanetbəxş olduğu üçün həmin bölgələrdə sərt karantin rejimi ləğv olunacaq.

"Karantin rejiminin davamı insanlardan asılıdır. Qayda-qanunlara əməl edən bizik. Rejimə əməl etsək, maska taxsaq, məsafə gözləsək, kütləvi toplaşma yerlərindən uzaq olsaq, qapalı məkanlara getməsək, yoluxma hallarının azalmasının şahidi olacağıq. Müşahidə edirik ki, insanların çoxu tibbi maskadan istifadə edir, lakin hələ də qaydalara əməl etməyənlər var".

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.

Bundan əlavə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Karantin  





Xəbər lenti