Bədbinliyə əsas yoxdur: İqtisadiyyatımız pandemiya yatağına düşməyib– TƏHLİL

     Bədbinliyə əsas yoxdur:    İqtisadiyyatımız pandemiya yatağına düşməyib–    TƏHLİL
  22 İyul 2020    Oxunub:24875
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyilə hökumətin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında dövlət başçısının qarşısında İqtisadiyyat və Maliyyə nazirlərinin, o cümlədən, Mərkəzi Bank (AMB) rəhbərinin etdikləri çıxışlardan sonra əyani şəkildə bəlli oldu ki, ölkəmiz bundan əvvəlki böhranlı vəziyyətlərdən fərqli olaraq, bu gün daha davamlı imkanlara sahibdir.
Təkrar edirəm, 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də böhran yaşamışıq. Lakin bunların heç biri iqtisadiyyatımız üçün bu qədər şok təsir bağışlamayıb. Ancaq iş bundadır ki, bu dəfə hələ ki daha yaxşı və güclü müqavimət göstərmişik və göstərməkdə də davam edirik. Çünki əldə həm 2014-2016-cı illərdə qazanılmış təcrübə var, həm ötən müddətdə iqtisadiyyatdakı uğurlar az əhəmiyyət daşımır, həm də xüsusən 2 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başladılan islahatlar mühüm təsirə malikdir.

Sözün qısası, cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunları gözlənildiyi kimidir, yəni, göstəricilərdə qeyri-adi heç nə yoxdur - hər şey proqnozlara uyğundur. Söhbət, ilin əvvəlindən irəli sürülən deyil, mart ayından etibarən pandemiya şəraitinin yaranması ilə əlaqədar ölkədə kök salan məlum atmosferlə bağlı orta çıxan yeni proqnozlardan gedir. Yəni, mart ayından məlum idi ki, ölkə iqtisadiyyatı üçün ikinci rübün nəticələri mənfi olacaq və makroiqtisadi sabitliyə dair 2017-ci ildən əldə olunan müsbət tendensiya zəifləyəcək.

Yeri gəlmişkən, hələ aprelin əvvəlində “sən saydığını say, gör, fələk nə sayır” misalını xatırladaraq, yazmışdım ki, 2019-cu ili çox uğurla başa vurarkən, heç ağlımıza gətirməzdik ki, bu ilin birinci rübünün sonuna yaxın iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək və nəticədə keçən il başladılan islahatlar sığorta tədbirlərilə əvəzlənərək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımlar kompensasiya ödənişləri, müvafiq maliyyə yardımları, güzəştlərldən ibarət xətt üzrə davam edəcək.

Xatırladım ki, 2020-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ÜDM istehsal edilmiş, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2, qeyri neft-qaz sektorunda isə 2,1 faiz az qeydə alınmışdı.

Bu nəticələrin üzərinə iyun ayının da yekununu gəldikdə rəqəmlərin bir az da aşağı təşkil edəcəyi bəlli idi. Düzdür, mayın ortasından sonra karantin rejimi yumşaldılmaqla bir sıra sahələrdə iqtisadi fəaliyyət bərpa olunmuşdu. Ancaq, iyun ayı bütövlükdə hər şeyi yenidən buxova aldı. Odur ki, ikinci rübün yekununa dair rəqəmlərin bir az da aşağı səviyyədə təzahür etməsiylə xarakterizə olunacağı qabaqcada bilinirdi.

Beləliklə, ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 803,9 milyon manatlıq ÜDM istehsalı qeydə alınmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma əldə olunub ki, eyni tendensiya ticarət dövriyyəsində, kredit qoyuluşlarında da qeydə alınıb. Yalnız, kənd təsərrüfatı ilə rabitə və informasiya sahələrində artım var ki, bu da birincidə mövsümlə, ikincidə isə karantin rejimində sözügedən sahədə xidmətə tələbatın artması ilə əlaqədardır...

ÜDM istehsalında 2,7 faiz tənəzzül kiçik rəqəm deyil. Bununla belə, makroiqtisadi sabitlik üçün hələ ciddi təhlükə də demək deyil. İnflyasiya stabildir, valyuta bazarında çalxalanma yoxdur və sair... Bunu AMB-in sədri də sözügedən müşavirədə çıxışında ehtiva etdi. Belə ki, Elman Rüstəmov Prezidentə məruzəsində qeyd etdi ki, ilin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var və sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb. "2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır",- deyə, AMB sədri bildirdi.

Amma ilin sonuna doğru mövcud təzyiqlər qalarsa, mənfi tendensiyalar arta və genişlənə bilər. Koronavirusla bağlı vəziyyət bir az da davam etsə, yəni karantin rejimi üçüncü və dördüncü rüb ərzində davam etdirilərsə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq. Belə ki, ikinci rübdə ÜDM istehsalı göstəricisindən start götürən tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər.

Maliyyə naziri qeyd edib ki, cari ilin ilk 6 ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnozunun artıq yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclərlə gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək və 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq, düzəlişlər həyata keçiriləcək.

Çünki Nazirin vurğuladığı kimi, pandemiyanın yaratdığı yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin sosial baxımdan həssas qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı əlavə tələblər yaradır ki, bu da ciddi maliyyə təminatı təmin etmək zərurəti formalaşdırır. Halbuki, həm ölkə daxilində karantin rejiminin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər, həm neftin qiymətinin enməsinin cari ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlar, büdcə gəlirləri üzrə proqnozları artıqlaması ilə icra etməyə mane olmayıb.

Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib ki, daxilolmalar üzrə proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub.

2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb ki, hesabat dövründə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələri, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib.

Buna baxmayaraq, təkrar edirəm, Maliyyə nazırı Samir Şərifov bildirdi ki, ilin 6 ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnozlarının artırılması ilə yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonu üçün kifayət etməyəcək.

Doğrudur, Prezident qeyd etmişkən, bütün bunlar əsaslandırılmalıdır. Çünki qarşıdan növbəti ilin də dövlət büdcəsi layihəsinin hazırlanması məsələsi gəlir. Cari ilin dövlət büdcəsinə dürüstləşdirməyə ehtiyac var idisə, əslində, bunu ilin birinci yarısının sonuna yaxın da etmək olardı. Onsuz da pandemiyanın uzanacağı aydın görünürdü.

Lakin pessimistliyə də qapılmaq düzgün deyil. Neftin dünya bazar qiymətləri 40 ABŞ dollarından yuxarı təşkil edir. Həm də ki, birincisi, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək məqsədilə geniş maliyyə xərcləri həyata keçirilsə də, yuxarıda qeyd etdiyim kimi dövlət büdcəsinin icrasında hələ də profisit qalır...

İkincisi də, Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çox təşkil edir və hələ bundan istifadə edilməyib. Əsas odur ki, pandemiya dövrü tez bitsin...

Bu arada bir fakta da toxunmaq yerinə düşər ki, ilin birinci yarısında Dövlət Neft Fondunun aktivləri 1 milyard 873,8 milyon dolları artaraq 43 milyard 223,3 milyon dollara çatıb. Bu onu göstərir ki, qlobal iqtisadiyyatda vəziyyət tez bərpa olunarsa ölkəmizə xarici mənfi təsirlər səngiyəcək. Və bu da yerli mənfi iqtisadi amillərin öhdəsindən gəlməyə daha asan şərait və zəmin yaradacaq.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti